Azərbaycanlı atlet iki erməni ilə mübarizə aparacaq
Bu gün Azərbaycanın daha iki ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qüvvəsini sınayır.
Oxu.Az xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Əliş Nəzərov artıq B qrupunda mübarizə aparıb. Beşinci olan idmançımızın medal qazanmayacağı dəqiqləşib.
Daha sonra Dadaş Dadaşbəyli güclü A qrupunda körpücük üzərinə çıxacaq. U-23-lər arasında Avropa çempionu olan idmançımızın rəqibləri Sergey Şarankov (Belarus), İrakli Çxeidze (Gürcüstan), David Fisçerov, Vasil Marinov (hər ikisi Bolqarıstan), Arsen Martirosyan, Samvel Qasparyan (hər ikisi Ermənistan) və Fyodor Petrov (Rusiya) olacaq.
Qeyd edək ki, Avropa çempionatına sabah yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (-59 kq) dördüncü dəfə Azərbaycan adından Avropa çempionu olub.
Səbuhi Musayev