Dünya çempionumuz Avropa çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, üçüncü yarış günündə 74 kq çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə 1/16 finalda Atman Butuyakla (Fransa) qarşılaşacaq.
80 kq-da yarışan ikiqat dünya və Avropa çempionu Milad Beiqi də bu gün mübarizəyə qoşulacaq. Olimpiadaya vəsiqəni təmin etmiş yeganə idmançımız olan, ötən ay Türkiyədəki turnirdə qızıl medal qazanmış Milad Beiqi 1/8 finalda David Şimek (Çexiya) – Aleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında Fəridə Əzizova (-67 kq) 1/8 finalda Nataliya Yuleva (Belarus) – Elin Yuhanson (İsveç) duelinin güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (-46 kq) bürünc medal qazanıb. Avropa çempionatına sabah yekun vurulacaq.