Futboldan ömürlük uzaqlaşdırılan keçmiş oyunçu: “İşin görünməyən tərəfləri var”



 

“Futboldan ömürlük uzaqlaşdırılmağıma dair çıxarılan qərarla bağlı onu deyə bilərəm ki, bu bir az qarışıq məsələdir. İşin görünməyən tərəfləri, anlaşılmaz məsələlər var. Yaxın günlərdə buna aydınlıq gəlsin, daha sonra ətraflı danışa bilərəm”.

Bunu Oxu.Az-a bu gün AFFA İntizam Komitəsi tərəfindən danışılmış oyunlarda iştirakı sübut edildiyi üçün futboldan ömürlük uzaqlaşdırılan sabiq futbolçu Yasin Abbasov deyib.

O, günahsız olduğunu və məsələnin tezliklə xeyrinə dəyişəcəyinə inandığını bildirib:

“Yəqin ki, Apellyasiya Arbitraj Tribunalına müraciət edib, məsələdəki qaranlıq məqamlara aydınlıq gətirəcəyəm. Mən artıq beş ildir ki, futboldan kənardayam. Tovuzda biznes sahəsində işləyirəm. Belə baxanda futboldan ömürlük uzaqlaşdırılmağım mənim işimə təsir etmir. Amma təbii ki, buna aydınlıq gətirməyə çalışacağam. Çünki burada adım gedir. Əminəm ki, barəmdə qərar dəyişdiriləcək”.

2017-ci ildə danışılmış oyunlarda iştirakına görə futboldan uzaqlaşdırılmış millimizin sabiq futbolçusu Cəmşid Məhərrəmov 2019-cu ilin dekabrında buna görə həbs olunmuşdu. Bəs, Y.Abbasov dindirilmək üçün hüquq mühafizə orqanlarına çağırılıbmı? Təqsirləndirilən şəxs sualımıza belə cavab verdi:

“Baş Prokurorluğa bu məsələ ilə bağlı çağırılmamışam”.

Qeyd edək ki, Yasin Əsədov “Turan”, “Standard” (Sumqayıt), “Simurq” (Zaqatala), “Sumqayıt” və AZAL klublarında oynayıb. O daha sonra “C” kateqoriyalı məşqçi lisenziyası alaraq “Turan Tovuz” komandasının aşağı yaş qruplarında işləyib.

Səbuhi Musayev