Azərbaycanlı şahmatçı bütün dövrlərin ən güclü qadın qrossmeysterinin komandasında - FOTO



 

Aprelin 8-də bütün dövrlərin ən güclü qadın şahmatçısı sayılan macarıstanlı Yudit Polqarın komandası ilə rusiyalı sabiq dünya çempionu Vladimir Kramnikin komandası arasında “Challengers” turniri keçiriləcək.

Oxu.Az xəbər verir ki, 20 şahmatçının qatıldığı yarışda Azərbaycanın şahmat millisinin üzvü Günay Məmmədzadə də iştirak edəcək. O, Polqarın komandasında mübarizə aparacaq.

Yarış dörd gün davam edəcək və rapid sistemi üzrə keçiriləcək. Turnirdə iştirakçıların gender bərabərliyi qorunub. Belə ki, 10 oğlan (18 yaşadək) və 10 qız (25 yaşadaşək) yarışacaq. 20 yaşlı Günay komandasında ən aşağı reytinq xalına (2443) malikdir.

Hər komandada kapitandan əlavə, üç məşqçi də olacaq. Günay Məmmədzadə, rusiyalı Volodar Murzin və çinli Cu Çinara qadınlar arasında üçqat dünya çempionu Çi Vençin (Çin) məşqçilik edəcək.

Polqarın çağırışı ilə baş tutan yarışın ümumi mükafat fondu 15 min dollardır. Yarışın qalibi 3 min dollar qazanacaq və aprelin 24-də başlayacaq, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun yarışdığı Çempionlar Turunun beşinci mərhələsində oynamaq şansı əldə edəcək. Ən yaxşı səkkiz şahmatçı növbəti dörd “Challenge” turnirinə vəsiqə qazanacaq.

Həmçinin, qalib komanda Maqnus Karlsenin şahmat tacını müdafiə edəcəyi görüşlər üçün noyabrda Dubaya pulsuz səfər imkanı əldə edəcək.

Qeyd edək ki, ilk üç gündə beş tur, son gündə dörd tur oynanılacaq.

Səbuhi Musayev