Azərbaycan ilk dəfə badmintonda Olimpiadada təmsil oluna bilər
Azərbaycan tarixdə ilk dəfə badminton idman növündə Olimpiadada təmsil oluna bilər.
Oxu.Az-ın xəbərinə görə, bu şansı əldə edən idmançı Ade Reski Dviçahyodur.
2018-ci ildən Azərbaycanı təmsil edən İndoneziyadan olan badmintonçu hazırda dünya reytinqində 66-cı olsa da, Olimpiya sıralamasında 28-cidir. Bu yer isə ona bu yay keçiriləcək Tokio Olimpiya Oyunlarında lisenziya qazandırır.
Aprelin 27-dən mayın 2-dək Ukraynanın paytaxtı Kiyevdə XXVIII Avropa çempionatı keçiriləcək. Lisenziya xalları verən yarışda Azərbaycandan yalnız Ade Reski Dviçahyo iştirak edəcək. O, reytinqdəki bu yerini saxlaya bilsə, böyük ölçüdə Olimpiadaya lisenziyanı qazanmış sayılacaq.
Onu da bildirək ki, son reytinq cədvəli 6 iyuna kimi keçiriləcək yarışlar əsasında formalaşacaq və iyunun 15-də Ümumdünya Badminton Federasiyası tərəfindən açıqlanacaq.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin açıqladığı son siyahıya əsasən, indiyədək Azərbaycan Olimpiadaya 16 yeri təmin edib. Bundan başqa, qeyri-rəsmi karatedə iki, cüdoda altı yerə lisenziya qazanmışıq (bu iki idman növündə da lisenziya badmintondakı kimi reytinqlə hesablanır – S.M.).
Səbuhi Musayev