Millimizin sabiq futbolçusu Azərbaycan vətəndaşlığından imtina edir



 

Futbol üzrə milli komandamızın sabiq üzvü Murad Ağayev Azərbaycan vətəndaşlığından imtina edəcək.

Bu barədə “Azerisport” məlumat yayıb.

Qeyd olunur ki, azad agent statusunda olan 28 yaşlı futbolçunun bu qərarı verməyinə səbəb hazırda yaşadığı Rusiyada legioner statusuna düşməməsi üçündür. 

“Heç kimə qarşı kinim yoxdur. İrəliyə doğru hərəkət etmək, zədələr aldığımı və uzun müddətdir oynamadığımı söyləyən insanlara fikir vermək lazım deyil. Sənə idmançı kimi qiymət verilən yerdə olmalısan. Bu, mənim üçün çox vacibdir. Rinat Dasaev, Berti Foqts, Vəli Qasımov - bu insanlar məndə yaxşı səviyyədə oynamağı bacaran futbolçunu gördülər. Təkcə bu insanların fikirləri kifayətdir ki, futboldan ayrılmayım”, - deyə Azərbaycanın ən güclü klublarında çıxış etmiş yarımmüdafiəçi bildirib.

Qeyd edək ki, M.Ağayev Rusiyada anadan olub, “MOİK” və digər klubların gənclərdən ibarət heyətində oynayıb.

Peşəkar karyerasına Azərbaycanda başlayan futbolçu, 19 yaşlılardan ibarət yığmaya, daha sonra əsas millimizə dəvət alıb.

M.Ağayev Azərbaycan Premyer Liqasında “Sumqayıt”, “AZAL”, “Neftçi”, “Səbail”in heyətində top qovub.

Futbolçunun Azərbaycanda çıxış etdiyi son klub “Keşlə” olub.