“Qarabağ” və “Neftçi” üç min manat ödəməkdən azad edildi
AFFA Apellyasiya Arbitraj Tribunalı “Qarabağ” və “Neftçi”nin şikayətlərinə baxıb.
Oxu.Az xəbər verir ki, “Qarabağ” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib.
Belə ki, Ağdam klubu AFFA İntizam Komitəsinin ötən ayın 23-də qəbul etdiyi qərarla fevralın 19-da Premyer Liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda serbiyalı futbolçusu Uroş Matiçin futbol formasında standartlar pozulmasına görə tətbiq olunan üç min manat cərimə cəzasından azad edilib. “Qarabağ” Futbol Klubuna bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.
"Neftçi" Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilib.
AFFA İntizam Komitəsinin ötən ayın 4-də qəbul etdiyi qərarla martın 3-də Premyer Liqanın XVIII turunun “Neftçi” – “Sabah” oyununda stadionda işıqlandırma səbəbindən fasilələr olduğuna görə meydan sahibi kluba tətbiq olunan cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla dörd min manatdan 1000 manata endirilib.