“Neftçi”nin futbolçusu Bakıda Azərbaycana yox, Serbiyaya azarkeşlik edəcək - FOTO
“Neftçi”nin futbolçusu Mamadu Mboc bu gün keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Serbiya oyununda qonaq komandaya azarkeşlik edəcək.
Oxu.Az xəbər verir ki, seneqallı mərkəz müdafiəçi bunu “Instagram”ın “Story” bölməsində paylaşımı ilə təsdiqləyib.
O, 2014/15 mövsümündə çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubunda komanda yoldaşı olmuş Marko Qruyiçlə dostdur. İngiltərənin “Liverpul” klubuna məxsus olan, lakin icarə əsasında Portuqaliyanın “Portu” klubunda çıxış edən yarımmüdafiəçi Qruyiç Bakıda Mboca Serbiya millisinin formasını bağışlayıb.
Mamadu Mboc həmin 16 nömrəli formanı geyinərək onunla şəklini paylaşıb və axşamkı matçda Serbiyaya azarkeşlik edəcəyini nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycan – Serbiya matçı saat 20:00-da başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi Musayev