Paşinyan hakimiyyətdən getsə, Ermənistan yeni müharibə başlada bilərmi? – TƏHLİL
Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində yeni siyasi qüvvələrin hakimiyyətə gələcəyi gündəmdədir. Daha doğrusu gündəmin nəzəri hissəsində aktualdır, lakin praktik hissəsində real görünmür.
Uzun-uzadı rəqəmlərə və rəy sorğularına keçid etməyəcəyik. Sadəcə fundamental yanaşsaq, görürük ki, Ermənistan cəmiyyətində Baş nazir Nikol Paşinyana sərmayə yatırmaq istəyənlər çoxluqdadır. Bu, Paşinyana sorğusuz və mühakiməsiz sevginin göstəricisi deyil. İkinci Qarabağ Müharibəsində Ermənistanın biabırçı məğlubiyyəti erməni cəmiyyətinə dərs oldu, işğalın onlara daha çox zərbə vurduğunu anlatdı.
Buna görə də Nikol Paşinyan müharibəni bitirdiyinə görə həm lənətlənir, həm də sevilir. Buna nifrətqarışıq sevgi deyə bilərik.
Müharibədən sonra Ermənistanda regional həssaslıq yaranıb, artıq ekspert yaradıcılıqlarında erməni xalqının qulağına xoş gələn “təravətli” fikirlər istehsal edilmir, yaranan böhranda isə cəmiyyət ən pislər arasından seçim edərkən üstünlüyü Paşinyana verir.
Bununla belə bəzi revanşist qüvvələrin ilham pərisi yenə də ölkənin coğrafi hüdudlarını aşır və başqa xalqın (Azərbaycan xalqı) tarixinə, ərazisinə, mədəniyyətinə göz dikmək marağı səngimir. Qisasçı dairələrin tematikası, motivləri faydasız təxəyyüldən başqa bir şey deyil.
Guya bunlar hakimiyyətə gəlsə, yenidən müharibə başlada bilərlər – hansı güclə, hansı resursla?
Gəlin bir az da detallara varaq. İlk olaraq, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq müharibəni bitirən üçtərəfli bəyanat öz qüvvəsini itirməyəcək.
Digər tərəfdən, müharibə aparmaq üçün hərbi qüdrət olmalıdır, bunu isə iqtisadi güc yaradır. Ermənistanın isə müharibədən əvvəl onsuz da məhdud olan iqtisadi potensialı müharibədən sonra təmiz tükənib. Azərbaycan və Ermənistan ordularındakı qüvvələr nisbəti də müqayisəyəgəlməzdir.
İndi Ermənistanın Azərbaycanın təşəbbüsləri ilə postmüharibə dövrü üçün regionda həyata keçirdiyi iqtisadi açılımlara ümid etməkdən başqa çarəsi qalmayıb. Yəni, Ermənistan fürsətləri praqmatik dəyərləndirsə və iqtisadi güc toplasa belə, bu, Azərbaycanın diktəsi altında baş tutacaq.
Ermənistanda rəhbərliyə can atan siyasətçilərin işğalçı ehtirasları və darmadağın edilmiş mifik hissləri nə olursa-olsun, İrəvan Azərbaycanla müharibə aparmaq qabiliyyətini birdəfəlik itirib.
Başqa bir məqam – Rusiya da, Türkiyə də regionda yeni bir müharibənin başlamasına qətiyyətlə qarşı çıxır. Ermənistan kimi dalana dirənən və xarici asılılıqların artdığı ölkə Rusiya və Türkiyə kimi regional güclərin axınına qarşı çıxmaq iqtidarında deyil.
Bir sözlə, Ermənistan nəinki müharibə barədə düşünməlidir, əksinə bu mövqeyi birdəfəlik gündəlikdən çıxarmaq məcburiyyətindədir. Əli-qolu zəncirlənən biri bütün şərtləri qəbul edər.
Aqşin Kərimov