Azərbaycana qarşı növbəti təxribat: Lanz şəbəkənin içindədir? - TƏHLİL



 

Bir az fəlsəfi yanaşaraq söhbətə girişək. Təsəvvür edin, şər qüvvələrin hökmranlığı altında nizamsızlıq və xaos əl-ələ verib rahatca yeriyir. Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndə təsvir olunan xarabalığın üstün imtiyazlı sakinləri olan bayquşların şər qüvvələrin rəmzi kimi dialoqları vəziyyəti ətraflı təsvir edir.

Nuşirəvan isə bayquşların dialoqlarından nəticə çıxararaq adil, ədalətli hökmdarlıq fəaliyyətinin perspektiv prinsipləri elan edir. Nuşirəvan hökmranlıq etdiyi əraziləri müasir dillə desək, yeni geosiyasi reallığa hazırlayır.

Poemadakı təsvirlərlə İkinci Qarabağ Müharibəsindən sonra yaranan yeni siyasi və iqtisadi düzən arasında paralellər aparaq.

Ermənistan rəhbərliyi, Nuşirəvan kimi, müharibədən sonra ölkədə ictimai münasibətlərdəki mənəvi xarabalıqları təmir etməyə çalışır, ölkəni Azərbaycanın diktə etdiyi şərtlər altında yeni konfiqurasiyaya kökləyir, amma şər qüvvələr ortaya çıxaraq vəziyyətə müxtəlif don geyindirməyə çalışırlar.

Freydsayağı yanaşsaq, əminliklə deyə bilərik: bu, qısqanclığın doğurduğu aqressiyadır. Məqsəd heç də Ermənistanın ağ günə çıxmasını əngəlləmək deyil, əsas hədəf Azərbaycana qarşı yönəlmiş qısqanclığın, təbliğatın ümumi bəyanının əməli addımlarıdır.

Almaniya soyuq küləklər əsdirir

Postmüharibə dövründə (Vətən müharibəsi-red) Avropanın bəzi media quruluşları gah işğaldan azad edilmiş ərazilərdə erməni irsinin guya məhv edilməsini gündəmə gətirir, gah da münaqişənin bitməsini həzm etməyərək Azərbaycanı dəxlisiz ittihamların məngənəsində boğmağa çalışır.

Bununla da, münaqişənin bitməsinə özünəməxsus şəkildə “tarixi” yekun vurmaq kimi bir öhdəlik yerinə yetirirlər.

Bunun üçün seçilən metodlarda isə hiyləgər instinktiv “dəlillərə” əl atılır.

Almaniya Federativ Respublikasının İctimai Televiziyasının (ZDF) aparıcısı Markus Lanz 25 martda yayımlanan buraxılışda Azərbaycanı korrupsiyada ittiham edib. İlk növbəfə qeyd edək ki, Azərbaycanda korrupsiya faktları ilə aktiv mübarizə dövlət rəhbərliyi səviyyəsində aparılır. Məsələ burasındadır ki, cənab Lanz məqsədinin və şüurunun dərinliklərində heç də korrupsiya amilinə qırılmaz tellərlə bağlanmayıb. Onun fikirlərinin mahiyyətində və səsinin ahəngində Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə qısqanclığın işartılarını sezmək elə də çətin deyil.

Sözsüz ki, müharibənin Ermənistanın biabırçı məğlubiyyəti ilə bitməsindən sonra Azərbaycana qarşı səslənən iddiaları söz və fikir azadlığı adı altında tanıtmaq cəhdləri olur.

Ancaq tez-tez təkrarlanan çığır-bağır bunun hüquqi azadlıqlarla əlaqəsinin itdiyinin, kampaniya xarakteri almasının göstəricisidir. Bununla isə Azərbaycanı yox, özlərini yalan maşınının beşiyinə salırlar. Çalınan laylaları söyləyənlər isə ögeydir.

Şəbəkə yoxsa fərdi tənqid?

Necə? İndi nəzər salacağımız bəzi məsələlərə ayrı-ayrılıqda yanaşsaq, bir-birilə əlaqələrinin olmadığını düşünə bilərik.

Vəziyyəti təhlil etdikdə isə Kventin Torontinonun cinayət filmlərinin sonluqlarındakı kimi hadisələrin bir-birinə bağlı olduğunu deyə bilərik.

Rusiyanın təbliğat maşınları sırasında yer alan media şirkətlərinin məhsulları zamanla Almaniyanın siyasi üfüqlərində zühur edir. Zühur prosesindəki əsas personaj isə adı çoxumuza bəlli olan erməni media maqnatı Marqarita Simonyandır.

Bu ilin martın əvvəlində Kremlin əsas təbliğat aparatı olan “Russian Today” telekanalının alman dilində yayımlanan versiyası “RT DE”nin saytında paylaşılan fikrin subliminal mesajlar ötürdüyünə dair mövqelər sərgilənmişdi.

Həmin fikir belə idi: “Çin və Almaniya supergüc olacaq”. İlk baxışda buna Almaniya üçün xoşməramlı strateji niyyətləri ifadə edən məram kimi yanaşmaq olardı.

Ancaq fikirlərin Rusiya Prezidenti Vladimir Putinə istinadən verilməsi və üz şəklində Vladimir Putinin fotosunun yer alması Almaniya ictimaiyyətini narahat etmişdi.

Almaniyanın nüfuzlu “SPİEGEL” nəşri şüuraltına ötürülən mesajlara diqqət çəkərək “Almaniya Rusiyanın təbliğat kanalının təsirlərindən qorxur” başlığı altında məqalə yayımlamışdı.

Martda Avropa Xarici Əlaqələr Xidməti Moskvanın əmri altında olan medianın Almaniyaya qarşı hədəfli və məqsədli dezinformasiya kampaniyası aparıldığı barədə hesabat yayımlayıb.

Bir neçə il əvvəl isə Almaniyanın Federal Konstitusiya Mühafizəsi İdarəsinin və Federal Kəşfiyyat Xidmətinin (BND) hazırladığı hesabatda “Russia Today” kanalı və “Sputnik” informasiya agentliyini alman ictimai rəyinə gizli təsir göstərməkdə təqsirləndirib. Hər iki media orqanının baş redaktoru Marqarita Simonyandır.

İndi Markuz Lanzın “sevimli” ifadələrində Simonyanın üslubunu və boynunun arxasında Simonyanın nəfəsini duymaq mümkündür. Bu, məntiqi mühakimədən doğan qənaətdir.

Cənab Lanzın iddiaları onun fərdi baxışlarından çox, qurulan şəbəkəni hərəkətə gətirən mexanizmin bir parçası olmasını qənaətini gücləndirir.

Dərinə getsək, Simonyan Rusiyanın “təbliğat naziri” əbasına bürünərək erməni propaqandasını da aparır.

Digər bir məqama diqqət edək. İşğaldan azad olunan ərazilərə xarici ölkələrin diplomatik nümayəndəliklərindən ibarət qrupun səfərləri gerçəkləşdi. Səfərdə iştirak edən biri kimi orada Almaniya səfirini görmədik. Səbəbi isə ictimaiyyət üçün bəlli deyil, bununla belə haqlı suallar yaranır. Səfir də şəbəkənin bir parçasına çevrilibmi? Dəqiq bilmirik, lakin sual yerinə düşür...

Aqşin Kərimov