“Qarabağ”ın futbolçusu millidə keçirdiyi ilk rəsmi oyundan danışdı
“Bundan əvvəl Kabo Verde yığmasında yoldaşlıq matçında meydana çıxmışdım. Ancaq ilk dəfə milli formada rəsmi oyunumu Kameruna qarşı keçirdim”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi rəsmi debütündə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib: “Küləkli hava şəraitində keçən qarşılaşma çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir”.
Andradenin sözlərinə görə, “Qarabağ”da oynamağının milliyə çağırılmasında böyük təsiri olub: “Mən bu komandaya keçəndən sonra yığmadan dəvət aldım. Ümid edirəm ki, “Qarabağ”da uğurlu çıxışımı davam etdirəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu matçda da müsbət nəticəyə köklənmişik”.
Qeyd edək ki, Kabo Verde martın 26-da Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunu 3:1 hesabı ilə məğlub edib. Bu matçda Patrik Andrade 71-ci dəqiqəyədək meydanda olub. Həmin milli sabah qrup sonuncusu Mozambiklə qarşılaşacaq. Qələbə Kabo Verdeyə gələn ilin əvvəlində Kamerunda keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazandıracaq.