Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə yarışında təsəlliverici görüşə çıxıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn K.Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qeyd edək ki, 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb.
Bu gün mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub.
60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.
Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.
52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.
Qeyd edək ki, Böyük Dəbilqə yarışı martın 27-də yekunlaşacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.