Marqarita Simonyanın paralel kainatları
Müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə rus dilinin rəsmi dil kimi tanınması ilə bağlı dünən yayılan xəbərlər aydın havada göy gurultusu kimi səsləndi. Bu cür bəyanatların absurdluğu və eyni zamanda potensial təhlükəsi bizi vəziyyətə müxtəlif tərəflərdən baxmağa məcbur edir.
Tanınmamış separatçıların sözlərinə diqqət yetirməyə də bilərdik, madəm ki bunlar postsovet məkanının ən güclü informasiya mənbələrindən biri olan “RİA Novosti” agentliyi tərəfindən yayımlanmasaydı.
Bəli, hər hansı bir insan özünü kainatın imperatoru adlandıra bilər və Jedi dilini kainatın rəsmi dili elan edə bilər. Çox gözəl. Bu barədə ən çox halda onun sosial şəbəkələrdəki qohumları və abunəçiləri xəbər tutacaqlar. Ancaq tanınmış bir xəbər agentliyinin belə bir açıqlamanı yayımlanması bu auditoriyanı min qat artıracaq. Yeri gəlmişkən, sözügedən agentliyin təkcə “Facebook”da 1,8 milyon abunəçisi var.
Qeyd edək ki, bu, “RİA Novosti”nin ilk anti-Azərbaycan xəbəri deyil. Vətən müharibəsi dövründə bu agentlik Qarabağ separatçılarının liderlərinin adlarını və açıqlamalarını, habelə tanınmayan qurumun daim xatırlanmasını özündə cəmləşdirən onlarla təxribat xarakterli xəbər yayımlamışdı. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putinin dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğunu açıqlayıb, bu da respublikamızın sərhədləri daxilində yeganə qanuni gücə sahib olduğumuza dəlalət edir. Buna görə sual yaranır: dövlət xəbər agentliyi prezidentə qarşı çıxaraq qeyri-rəsmi siyasət yürüdə bilərmi?
Burada “Rossiya Seqodnya” MİA-nın (“RİA Novosti” bu holdinqin bir hissəsidir) baş redaktoru, nəşrin siyasətindən məsul olan Marqarita Simonyanın şəxsiyyəti diqqət çəkir. “Marqo” həm “millətçilər”, həm də “liberallar” tərəfindən sevilmir.
Həmkarları deyirlər ki, hədəfə çatmaq üçün onun heç bir əxlaqi prinsipi yoxdur.
Bu bacarıq orta səviyyədən aşağı IQ-su olan bir əyalət jurnalistini rus təbliğat maşınının zirvəsinə gətirib. Onu tanıyanlar Marqonun yeganə müsbət keyfiyyətini dövlət ideallarına “xəyali” sədaqət adlandırırlar. Məhz “xəyali”, çünki çox vaxt redaktorun idealları onun üçün əziz olan “erməniçilik” idealları ilə toqquşur. Və burada “nə şiş yansın, nə kabab” prinsipi həmişə alınmır. Bu, Vətən müharibəsinin əvvəlində Simonyanın sosial şəbəkə yazılarındakı açıq şəkildə anti-Azərbaycan ritorikasından sonra Ermənistanı Rusiyanı sevməməkdə günahlandırması məqamında da aydın görünür. Yəqin ki, bu şəxsiyyətin dissosiativ pozğunluğu diaqnozu hələ gələcəkdə özünü biruzə verəcək.
Bəs adi erməni qadınları tərəfindən “çox sevilən” Rusiya necə? Rusiya prezidenti özü Qarabağın Azərbaycanın ərazisi olduğunu deyir. V.Putinin erməni qoşunlarının Qarabağdan çıxarılması və Azərbaycanın rəsmi sərhədlərinə qayıdışından bəhs edən 10 noyabr 2020-ci il tarixli məlum bəyanatı altındakı imzası əvvəlki açıqlamalarını qanuni olaraq təsdiqləyən bir addımdır. Yəni, Rusiya qoşunlarının Qarabağda sülhməramlı əməliyyat aparmaq üçün gətirilməsi faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün qarantıdır. Əgər bu belədirsə, Azərbaycan qanunları bütün Azərbaycan ərazisində tətbiq olunmalıdır.
Qeyd edək ki, ölkəmizin Konstitusiyasına görə, Azərbaycanın bütün ərazisində yalnız bir rəsmi dil - Azərbaycan dili var. Rus dili də daxil olmaqla digər dillərin rəsmi statusu yoxdur, lakin dövlət rus dilində sərbəst istifadəni və təhsili təmin edir.
Əlbətdə ki, rus süngülərinin qorunması altında kor və kar kimi davranmaq asandır. Ancaq bütün maraqlı tərəflərə xatırlatmaq istərdik ki, bu “süngülər” Azərbaycan ərazilərində, onun səlahiyyətlilərinin icazəsi və razılığı ilə mövcuddur, yəni qonaqdır. Bölgəmizdə qonaqpərvərlik demək olar ki, müqəddəs bir anlayışdır. Ancaq bundan sui-istifadə etmək məqsədə uyğun deyil. Əks təqdirdə, ev sahibləri qonaq seçiminə şübhə ilə yanaşmaq məcburiyyətində qala bilər.
Namiq Həsənov