Canni de Byazi: “Azərbaycan millisini final mərhələsinə çıxarmağı hədəfləyirəm”
Canni de Byazi futbol üzrə Azərbaycan millisini Avropa çempionatının final mərhələsinə çıxarmağı hədəfləyib.
Futbol üzrə Azərbaycan millisinin italiyalı baş məşqçisi ölkəsinin “Repubblica” nəşrinə bildirib ki, 2022-ci il Dünya çempionatının seçmə mərhələsindən istifadə edərək çevriliş etməyi və Azərbaycan millisini Avropa çempionatının final mərhələsinə çıxarmaq niyyətindədir.
“Biz inkişaf edirik. Son beş görüşün dördündə qol buraxmadıq. Biz çox çalışırıq ki, qol vuraq. Artıq komanda üzvləri bir-birini görməyə başlayıb, onlar üçün dörd oyun uduzmamaq böyük nailiyyətdir”, - deyə de Byazi bildirib.
O qeyd edib ki, oyunçuların düşüncəsini dəyişdirməli və bütün futbol hərəkatını inkişaf etdirməlidir: “Azərbaycan yaxşı futbol infrastrukturuna malikdir. Bakıda 70 000 azarkeş tutumuna malik müasir Olimpiya stadionu var. Bura böyük iş üçün ideal mühitdir”.
Albaniya millisi ilə təcrübəsindən danışan de Byazi bildirib ki, bu uğuru təkrarlamaq olar:
“Albaniya millisini qəbul edəndə FIFA reytinqində 83-cü yerdə idi. Onları 22-ci sıraya yüksəltdim. Hətta Avropa çempionatında lənətə gəlmiş bir qola görə mübarizəni dayandırdıq.
Bu uğuru təkrarlamaq olar. Futbolçularım gəncdir, inkişaf etmək istəyirlər. Onların futbola olan baxışını dəyişdirməyə, bunun həqiqətən ciddi bir oyun olduğunu izah etməyə çalışıram”.