“Real” və “Beşiktaş”ın sabiq futbolçusu millimizlə oyunun heyətindən çıxarıldı



 

Portuqaliya millisinin və “Portu”nun mərkəz müdafiəçisi Pepi martın 24-də Azərbaycan yığmasına qarşı oynaya bilməyəcək.

Oxu.Az xəbər verir ki, “Portu”nun kapitanı, Portuqaliya millisinin isə üçüncü kapitanı olan 38 yaşlı futbolçu zədələnib.

Madrid “Real”ı və “Beşiktaş”ın sabiq futbolçusu “Portu”nun son matçında zədə alıb. O, martın 20-də “Portimonensi” ilə matçın 24-cü dəqiqəsində zədələnərək əvəzlənib. Onun əvəzinə Portuqaliya çempionatının hazırkı lideri “Sportinq”dən Luij Netu çağırılıb.

Onu da bildirək ki, bu, Portuqaliya millisində ikinci itkidir. Daha əvvəl İngiltərənin “Vulverhempton” klubunun qapıçısı Rui Patrisiu “Mançester Yunayted”lə matçda başından zədə aldığı üçün heyətdən çıxarılmışdı. Onu Yunanıstanın “Olimpiakos” klubunun qapıçısı Juze Sa əvəzləyib.

Qeyd edək ki, Portuqaliya millisi dünya çempionatının təsnifat oyununda martın 24-də İtaliyanın Turin şəhərində Azərbaycan yığmasını qəbul edəcək. Son Avropa çempionları daha sonra martın 27-də Belqradda Serbiyanın və martın 30-da Lüksemburqun qonağı olacaq.

Səbuhi Musayev