Azərbaycanlı döyüşçülərin Yaponiyadakı döyüşlərinin vaxtı bilindi



 

Azərbaycanın MMA döyüşçüləri Tofiq Musayevlə Vüqar Kərəmovun Yaponiyanın “Rizin” təşkilatındakı növbəti döyüşünün vaxtı bilinib.

Bu barədə Vüqar Kərəmov Oxu.Az-a bildirib:

“Hər ikimizin döyüşü martın 21-i olmalıydı. Yaponiyanın Naqoya şəhərində “Rizin 27” turniri keçirilməli idi. Lakin pandemiya ilə əlaqədar səfər məhdudiyyətləri olduğundan həmin yarışda iştirak etmədik.

Bildiyimə görə, orada cəmi bir braziliyalı idmançı döyüşəcək, qalanları yaponlardır. Həmin braziliyalı da uzun müddətdir ki, Yaponiyada məşq keçir. Daha sonra döyüşümüzün tarixini aprelin 29-na keçirdilər. Son məlumata görə, son qərarda döyüşün mayın 23-də keçiriləcəyi bildirilib”.

Xatırladaq ki, azərbaycanlı döyüşçülər “Rizin”də hələ ki məğlubedilməzdirlər. Beş döyüş keçirən Tofiq Musayev 2019-cu ildə bu təşkilatın Qran Prisinin qalibi olub. 29 yaşlı Vüqar Kərəmov isə “Rizin”də bir döyüş keçirərək qalib gəlib. Həmin döyüş ötən ilin fevralın 21-də olub.

Səbuhi Musayev