Pandemiyanın “dağıtdığı” Azərbaycan idmanı: Fəallar, oyananlar və yatmışlar - FOTO



 

Ötən ilin martın 24-dən etibarən ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi elan edildi. Bundan sonra digər ölkələrdə olduğu kimi, Azərbaycanda da idman yarışlarının keçirilməsinə qadağa qoyuldu.

Düzdür, sonradan bu qadağa yumşaldıldı. Belə ki, açıq havada keçirilməsi mümkün olan yarışların təşkilinə icazə verildi. Ancaq o vaxtdan Azərbaycanda qapalı zallarda məşqlərin və yarışların təşkilinə qadağa qərarı qüvvədədir.

Bu səbəbdən də pandemiyanın Azərbaycan idmanında gələcəkdə böyük izlər qoyacağı heç kimə sirr deyil. Oxu.Az olaraq pandemiya vaxtı fəaliyyət göstərən və fəaliyyətsizliyi ilə seçilən idman növlərini araşdırdıq. Onları şərti olaraq fəallara, oyananlara və yatmışlara ayırdıq.  

Fəallar

Futbol - Pandemiya elan ediləndən sonra əksər Avropa ölkələrində olduğu kimi, bizdə də futbol çempionatı yarımçıq dayandırıldı. Lakin daha sonra UEFA yerli federasiyalara avrokuboklara gedəcək iştirakçı klubları müəyyənləşdirmək üçün çempionatları azarkeşsiz davam etdirməyi tövsiyə etdi. Bununla belə, Azərbaycanda həmin vaxtlar yoluxma sayının artması ötən mövsümün çempionatının dayandırılmış vəziyyətdə başa çatdırılması ilə nəticələndi. Nəticədə avrokuboklara gedəcək dörd komanda turnir cədvəlində yarış dayandırılanadək olduğu yerlər üzrə müəyyənləşdirildi. Artıq iyuldan etibarən klublarımız UEFA-nın bayrağı altında yarışlara çıxdı. Pandemiyaya görə avrokubok matçlarının təsnifat oyunları bir matçdan ibarət oldu. İndi də Avropanın ali futbol qurumlarının keçirdiyi yarışlarda Azərbaycan təmsilçiləri iştirak edir (futzal və əsas futbol millimiz).

Cüdo – Pandemiyadan erkən “ayılan” ikinci idman növü cüdo oldu. Baxmayaraq ki, bu idman növünün yarışları qapalı zalda keçirilir, Beynəlxalq Cüdo Federasiyası pandemiyaya uyğun protokol tərtib edərək oktyabrın sonlarından yarışları bərpa etdi. İlk belə yarış isə Macarıstanın paytaxtı Budapeştdə keçirilən nüfuzlu “Böyük Dəbilqə” yarışı oldu. Olimpiadaya lisenziyanı böyük ölçüdə təmin etmiş Rüstəm Orucov bu yarışda qızıl medal qazanmaqla bizləri sevindirdi. Bundan bir ay sonra Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında Orxan Səfərov ilk dəfə qitənin ən güclüsü oldu.

Güləş – Bu idman növündə yarışlara rəsmi olaraq noyabrın əvvəllərində Polşa, Xorvatiya və Rusiyada keçirilən kiçik beynəlxalq turnirlərlə start verildi. Düzdür, bundan əvvəl oktyabrda Kiyevdəki beynəlxalq turnirdə qadın millimiz az tərkibdə iştirak etmişdi. Azərbaycan millisinin isə ilk ciddi sınağı dekabrın ortalarında Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kuboku oldu. Az sayda ölkənin pandemiya səbəbindən yarışa qatıldığından, dünya çempionatı ilk dəfə bu formatda keçirildi.

Oyananlar

Taekvondo – “Oyanmış” idman növləri arasında ilk sırada taekvondo durur. Koreya döyüş idman növü Türkiyədə dirçəldi. İstanbuldakı oyanış fevralda olmalı olsa da, VIII “Turkish Open” turniri təxirə salınaraq 10-12 mart tarixində keçirildi. Bu yarışda 12 idmançı ilə təmsil olunan komandamız üç medal qazandı. Yalnız Milad Beiqi qızıl medal qazandı, Olimpiya çempionu Radik İsayev isə finalda uduzdu.

Karate – Yapon döyüş sənətinə məxsus bu idman növü cüdo kimi tez “oyana” bilmədi. Karate yarışlarının oyanışı da taekvondo kimi fevralda olmalı olsa da, marta təsadüf etdi. Buna səbəb Portuqaliyanın paytaxtı Lissabonun 19-21 fevralda Premyer Liqa yarışını pandemiya səbəbindən keçirə bilməməsi, nəticədə onun təxirə salınması oldu. Karate yarışlarının bir ildən sonra Bakıda start verməsi də baş tutmadı. Azərbaycanda qapalı zallarda yarışların təşkilinə icazə verilmədiyindən, Bakı Premyer Liqa yarışına 12-14 martda İstanbul ev sahibliyi etdi. Bir sözlə, karatenin “oyanış”ı da taekvondoda olduğu kimi İstanbulda gerçəkləşdi. Komandamız bu yarışdan dörd medalla (bir gümüş və üç bürünc medal) qayıtdı. Dünya çempionumuz İrina Zaretskaya bu yarışda üçüncülüklə kifayətləndi.

Qılıncoynatma – Bu idman növünün “oyanış”ı da bu aya təsadüf etdi. Macarıstanın paytaxtı Budapeştdə 11-14 mart tarixlərində qılıncoynatmanın sablya növü üzrə Dünya Kuboku keçirildi. Dörd qadın idmançı ilə təmsil olunan yığmamız medalsız qaldı. Kişi şpaqaçılarımız isə 19-23 mart tarixlərində Kazandakı Dünya Kubokunda iştirak edəcək.

Atletika – Daha çox bu idmanın üçtəkanla idman növünün “oyandığını”, digərlərinin isə “yatdığını” desək, əslində daha düzgün olar. Fevralda Nazim Babayev İstanbulda keçirilən Balkan çempionatının qızıl medalını qazandı. Bu ay Polşanın Toruny şəhərində manejdə atletika üzrə Avropa çempionatı keçirildi. Zədəli olduğundan, bu yarışda Nazim Babayev iştirak etmədi. Üçtəkanla tullanmada millimizi yalnız Aleksis Kopelyo təmsil etdi və gümüş medal qazandı.  

Yatmışlar

Sambo – Əslində bu idman növünü dünyada “yatmışlar” siyahısına aid etmək olmaz. Çünki noyabrın əvvəllərində Serbiyanın Novi Sad şəhərində əvvəlcə yeniyetmə və gənclərin, daha sonra böyüklərin dünya çempionatı keçirildi. Azərbaycan həm bu, həm də dekabrda Moskvada keçirilən Xaralampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda iştirak etmədi. Həmçinin 25-26 martda Moskvada keçiriləcək növbəti Dünya Kubokunda da samboçularımızın iştirak etməyəcəyi dəqiqdir. Səbəb isə birdir: azərbaycanlı samboçulara qapalı zalda məşq etməyə icazə yoxdur!

Kikboksinq – Qeyri-Olimpiya idman növü olduğundan, bu yarışların təşkilatçılığında qüsurlar hələ də qalmaqdadır. Bu səbəbdən beynəlxalq kikboksinq ictimaiyyəti də bir ildir ki, yarış üzünə həsrətdir. Yanvarda İtaliya, fevralda Hindistan, martda İrlandiya və Niderlandda keçirilməli olan yarışlar ləğv olunub. Kikboksinqin də “oyanış”ının Türkiyədə olacağı gözlənilir. Belə ki, 8-11 aprel tarixlərində Antalyada Avropa Kuboku sayılan VI Beynəlxalq Türk Açıq turniri keçiriləcək. Millimiz də bu yarışda iştirak etməlidir.

Atıcılıq – Azərbaycan üçün “yatan” idman növləri arasında atıcılığı da göstərmək olar. Düzdür, noyabrda Polşada keçirilən beynəlxalq turnirdə güllə atıcımız Ruslan Lunyov çempion oldu. Ancaq bundan sonra qapalı zallarda məşqlərə qadağa atıcılığa da təsir etdi. Komanda qış aylarında açıq havada məşqlərdən imtina etdi. Yanvarın sonlarından etibarən Mərakeşdə Qran Pri, Misirdə Dünya Kuboku keçirilsə də, idmançılarımız bu yarışlara qatılmadı. Federasiya rəsmiləri yalnız mayda yarışa qatılacaqlarını bildirdilər. Son informasiyaya görə, bizim atıcılığın “oyanış”ı 7-17 may tarixlərində İtaliyanın Lonato şəhərində keçiriləcək Dünya Kubokunda gerçəkləşəcək. Yarışlara qatılmamağın əsas səbəbi isə səfər məhdudiyyətləri ilə yanaşı, qapalı zalların bağlı olmasıdır.

Həmçinin “yatmışlar”a voleybol, həndbol, basketbol kimi dünyada məşhur olan idman növlərini də aid etmək olar. Bu idman növlərinin, eləcə də qapalı zalda keçirilən adlarını çəkmədiyimiz digər idman növlərinin nümayəndələri artıq özlərinə başqa peşə tapıb, ailələrini dolandırmağa çalışır. Təəssüf ki, sözügedən idman növlərində nəinki Azərbaycan beynəlxalq yarışlarda təmsil oluna bilir, heç öz daxili yarışlarını keçirə bilmir. Bu səbəbdən də voleybol, həndbol və basketbol üzrə 2020/21 mövsümü keçirilmir.

Səbuhi Musayev