Azərbaycan dünya hərb tarixinə imza atdı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək, otuz ilə yaxın davam edən əzəli və əbədi torpaqlarımızı erməni işğalından azad etdi. Azərbaycanın parlaq qələbəsi dövlətimizin regionda söz sahibi olmasını tam açıqlığı ilə nümayiş etdirdi.
Dövlətimizin Dağlıq Qarabağdakı zəfər yürüşü əyani şəkildə sübut etdi ki, ordumuz qələbəni əldə etmək üçün tamamilə yeni bir formada – istər strateji, istərsə də hərbi-texniki baxımdan XXI-ci əsrin müharibəsinin aparılma metodları və vasitələrindən istifadə edib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi unikal hərbi əməliyyatlar uzun illər dünyanın bir çox ölkələrinin elmi və hərbi mərkəzlərində tədqiqat obyekti olacaq.
İşğalçı Ermənistanın silahlı qüvvələrinin darmadağın edilməsində iki mühüm komponent özünü əyani surətdə biruzə verib.
Birinci başlıca komponent kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hazırlanmış mükəmməl hərbi strategiya qeyd edilməlidir. Buna misal olaraq Hadrutun düşmən tapdağından azad olunmasını nümunə kimi qeyd etmək olar. Öncədən Hadrutu əhatə edən ətraf dağlar ordumuzun bölmələri tərəfindən ələ keçirildi, sonra Hadrutun ətrafında yerləşən yüksəkliklər alındı və bunun məntiqi nəticəsi olaraq Hadrut qəsəbəsi işğaldan azad edildi. Ümumiyyətlə qəsəbənin alınması müstəsna əhəmiyyət kəsb edirdi, çünki Hadrutdan sonra növbəti hədəf - Füzuli şəhərinin işğaldan azad edilməsi idi və bu hadisə oktyabrın 17-də baş verdi. Bu zəfərin davamı olaraq dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatı keçirildi və şəhər düşməndən tamamilə təmizləndi. Əlbəttə ki, burada yüksək döyüş hazırlıqlı, peşəkar hərbi kadrların olması, əsgər və zabitlərimizin qəhrəmanlığı və şücaəti əsas rol oynadı.
Şübhəsiz ki, qələbəmizi şərtləndirən ən vacib amillərdən birini də müqəddəs niyyət - torpaqlarımızın işğaldan azad edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası təşkil edirdi.
İkinci mühüm komponent - yeni nəsil hərbi əməliyyatlara xas olan avtonom silah sistemlərindən geniş formada istifadə edilməsi, özündə süni intellekt elementlərini ehtiva edən komplekslərin tətbiqi qeyd oluna bilər.
Yeni silah sistemləri yüksək səmərəliliyi ilə fərqlənərək, eyni zamanda lüzumsuz itkilərin qarşısını aldı. Digər tərəfdən pilotsuz uçuş aparatlarının, hədəfi avtonom seçən və məhv edən sursatların və digər ən müasir hərbi texnikanın tətbiqi yalnız legitim hərbi hədəflərə zərbə endirilməsi üçün istifadə olunub.
Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatları və yeni müasir texnikanın tətbiqi birmənalı olaraq beynəlxalq humanitar hüquq normaları və prinsipləri çərçivəsində həyata keçirilib. Dövlətimiz 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasına 21 aprel 1993-cü ildə qoşularaq hər sahədə olduğu kimi, döyüş meydanında da beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirib.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru