Nizami ilinə həsr olunan yarış başlayır
Martın 27-də dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” (CS:GO) oyunu üzrə “Xəmsə” beynəlxalq turnirinə start veriləcək. 2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan olunduğuna görə “Gaming League Azerbaijan” turnirin “Xəmsə” adlandırılması barədə qərar qəbul edib.
Xatırladaq ki, Nizami Gəncəvi ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib.
Nizaminin beş poeması sonralar “Xəmsə” “Beşlik” adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhurluq qazanıb. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olub.
Turnirə gəldikdə Azərbaycan təmsilçiləriylə yanaşı yarışda digər ölkələr də mübarizə aparacaq. Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları da mükafat uğrunda yarışacaq. Ölkəmizi yarışda “Karabakh Horses” və “GMT Esports” komandaları təmsil edəcək.
“Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında turnirlə bağlı danışıb:
“2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan olunub. Məhz buna görə turniri Azərbaycan şairi Nizami Gəncəvinin geniş şöhrət tapmış beşliyinin adıyla “Xəmsə” adlandırmaq qərarına gəldik. Turnirdə 8 ölkə təmsil olunacaq. Azərbaycanla yanaşı Belarus, Gürcüstan, Ukrayna, Şimali Makedoniya, Slovakiya, Polşa və Macarıstan komandaları da mükafat uğrunda mübarizə aparacaq. İnanırıq ki, iştirakçı ölkələrdə “Xəmsə” turniri böyük maraqla qarşılanacaq və ölkəmizdə “Nizami ili”nin keçirilməsinə töhfə olacaq. Qeyd olunan ölkələrdə Nizami Gəncəviyə və onun ölməz yaradıcılığına diqqət artacaq. İştirakçılara uğurlar arzu edirəm.
Müasir dünyamızda kiberidman üzrə yarışlara böyük ehtiyac yaranıb. Məhz buna görə biz mütəmadi olaraq kiberidman həvəskarlarını yeni layihələrlə sevindiririk. Gənclər xüsusilə pandemiya dövründə məsafədən keçirilən kiber yarışlarına olan marağı günbəgün artır. Kiberidmanın ölkəmizdə sürətlə inkişafı istiqamətində işimizi davam etdirəcəyik”.
Xatırladaq ki, “Gaming League Azerbaijan” yarışı Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birgə dəstəyilə təşkil edir.
“Instagram” ünvanı: Glahub
“Youtube” ünvanı: Glahub
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.