“Qarabağ”ın texniki direktoru: “Öz oğluma demişəm ki, səndən futbolçu olmaz”



 

“İstəyirik ki, Azərbaycanda baxmadığımız yer qalmasın. Hər daşın altına baxacağıq. Mən Ağdamda çox həyəcanlandım. Ora bir uşağı Mingəçevirdən anası gətirmişdi. Digəri isə Ağdamda yaşayırdı. Onları komandamıza qəbul etdikdən sonra çox sevindilər. Azərbaycanda bu baxımdan kömək istəyən çox insan var”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ” klubunun texniki direktoru Tacəddin Doğan deyib. O, gələn ay “Qarabağ” üçün futbolçu seçimi ediləcəyini bildirib:

“Apreldə seçimlər edəcəyimiz yeri müəyyənləşdirməliyik. Öncə futbol komandalarının olmadığı yerlərə baxmağı planlaşdırırıq. Bunu deyə bilərəm ki, əlimizin dəymədiyi yer qalmayacaq. Mayda Bakıda böyük seçim edəcəyik. Bunun planlarına artıq start vermişik. Yeni Qara Qarayev, Maksim Medvedev, Əfran İsmayılov, Rauf Əliyev tapmaq üçün bu yola çıxmışıq. Bu futbolçular bu torpaqlarda yaşayırlarsa, deməli, yenə belə adlar çıxa bilər. Şəki, Qax, cənub bölgəsi və Gəncə ətrafında da seçimlər etməyi planlaşdırırıq”.

Martda Ağdamda 15 uşağı bəyənərək “Qarabağ”a qatan seleksioner klub Akademiyasının planlarından da danışıb:

Hər kəs həyatda futbolçu ola bilməz. Bəzən valideynlər uşaqları və bizi başa düşmürlər. Çox hallarda valideynlərə yaxşılıq edirik. Mən şəxsən öz oğluma demişəm ki, səndən futbolçu olmaz. Başqa peşə tapa bilər, amma futbol onluq deyil. Bəzən bu sözlərimizi valideynlər düzgün qəbul etmirlər. Əslində, biz yaxşılıq edirik və onların zamanlarını boş yerə itirməmələri üçün bunu deyirik. İnsanda Allah vergisi də olmalıdır. Biz “Qarabağ” Akademiyası olaraq, kiminsə haqqını yeməyəcəyik, hər uşağa qapımız açıqdır.

Müqaviləmiz iki il müddətinə uzadılıb. 2005-2006 təvəllüdlü uşaqlardan ibarət komanda hazırlamışıq. Bu kollektiv növbəti mövsüm 2004-cü il təvəllüdlü uşaqların mübarizə apardığı liqada çıxış edəcək. O uşaqları seçib, rəhbərliyə təqdim etmişik. Bu komanda ilə kifayətlənməyəcəyik. Uşaqlara da demişik ki, məqsədimiz ölkə futboluna oyunçu bəxş etməkdir. Bu səbəbdən də axtarışlarımız davam edir. “Qarabağ” Akademiyasında U-12, U-13, U-14 kollektivlərini də komplektləşdirib, yuxarı komandalara dəstək verməyə çalışacağıq.