Azərbaycanda iki futbolçu üç oyunluq cəzalandırıldı
“Qəbələ” və “Sabah” klublarının futbolçuları üç oyunluq cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qəbələ” – “Zirə” oyununda birbaşa qırmızı vərəqə almış meydan sahiblərinin gürcüstanlı futbolçusu Merab Qiqauri üç oyunluq cəzalandırılıb. Qəbələ klubu 2400 manat cərimələnib. “Zirə” isə dörd futbolçusu sarı vərəqə aldığı üçün 800 manat ödəməli olacaq.
“Neftçi” – “Səbail” matçında qonaq komandanın da dörd futbolçusu sarı vərəqə alıb. 800 manat cərimə “Səbail”ə də kəsilib.
I Divizionun XVII turunun “Turan Tovuz” – “Sabah-2” oyununun son dəqiqəsində qeyri-etik ifadə işlətdiyi üçün birbaşa qırmızı vərəqə almış qonaqların futbolçusu Kamran Quliyev də üç oyunluq cəzalandırılıb. “Sabah” klubu buna görə 160 manat AFFA-ya pul ödəyəcək.
Səbuhi Musayev