Qılıncoynatma millimizin Dünya Kubokundakı yeri bilindi



 

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən sablyaçılar arasında Dünya Kubokunda qadın millimiz 11-ci olub.

Oxu.Az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət komandamız qadın sablyaçıların komanda yarışında Rumıniya yığmasını 45:32 hesabı ilə məğlub edib.

Qadın sablyaçılarımız ən güclü səkkiz komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə turnirin reytinq favoritlərindən sayılan, finalda Polşa yığmasına 44:45 hesabı ilə məğlub olan İtaliya seçmə kollektivinə 26:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda görüşdə Almaniya yığması üzərində 45:42 hesablı qələbə qazanan komandamız növbəti görüşdə ABŞ sablyaçılarına 32:45 hesabı ilə məğlub olub. 11-ci yer uğrunda Gürcüstanın qadınlardan ibarət sablya yığması ilə qarşılaşan millimiz rəqibini 45:25 hesabı ilə məğlub edib.

Qeyd edək ki, fərdi yarışlarda milli üzvlərindən ən yaxşı nəticəni Rusiya əsilli idmançımız Anna Başta göstərib. O, 1/16 finaladək irəliləyib.

Onu da bildirək ki, kişilərdən ibarət şpaqa millimiz 19-23 martda Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək.