Bu gün Teymurla Şəhriyar beynəlxalq turnirin 1/4 finalına çıxmaq üçün bir-biri ilə qarşılaşacaq
Bu gün Azərbaycanın iki qrossmeysteri beynəlxalq turnirdə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində bu gün daha beş turun görüşləri keçiriləcək.
Azərbaycan təmsilçiləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov 1/4 finala vəsiqə uğrunda son beş görüşlərinə çıxacaqlar.
Məmmədyarov bu gün Yan Nepomnyaşi, Sergey Karyakinlə (hər ikisi Rusiya) qarşılaşdıqdan sonra XIII turda Teymuru sınağa çəkəcək. Şəhriyar ağ, Teymur qara fiqurlarda oynayacaq. Şəhriyar daha sonra Alan Piçot (Argentina) və Vesli So (ABŞ) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Rəcəbov isə David Anton (İspaniya), Nils Qrandeliusla (İsveç) qarşılaşdıqdan sonra Şəhriyara rəqib olacaq. Teymur bundan sonra Yan Nepomnyaşi və Sergey Karyakinlə qüvvəsini sınayacaq.
Qeyd edək ki, ikinci yarış günündən sonra Teymur Rəcəbov 4,5 xalla 11-ci, Məmmədyarov isə 4 xalla 12-ci sırada qərarlaşıb. Onların 1/4 finala vəsiqə qazanması üçün ilk “səkkizlik”də olması lazımdır.
Turnir cədvəlinə səkkiz xalla Aniş Qiri (Niderland) başçılıq edir. İkinci yerdə 7,5 xalla hazırkı dünya çempionu və turnirin təşkilatçısı Maqnus Karlsen (Norveç), üçüncü sırada 6,5 xalla Vesli So qərarlaşıb.