Mixail Xodarenok: “Moskvanın İrəvana heç bir borcu yoxdur” - MÜSAHİBƏ
Ermənistanda radikal kəsimin köhnə valı yenidən işə salınıb: Müharibədəki məğlubiyyət də daxil olmaqla bütün problemlərə görə, Rusiya və Türkiyə günahkardır.
İndi isə İrəvanın “Lragir” nəşri yazır ki, “Moskvanın Türkiyə ilə birlikdə Ermənistanı işğal etməkdən başqa çarəsi qalmayıb...Buna bir işarə gözlənilir".
Tanınmış rus hərbi icmalçısı, vaxtı ilə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsində xidmət edən, ehtiyatda olan polkovnik Mixail Xodarenok Caliber.Az-a sözügedən açıqlamanı şərh edib. Yeri gəlmişkən, onun adı da erməni qəzetində xatırlanıb, ancaq bu barədə bir qədər sonra:
- Günümüzdə fantaziyaların təsvir olunduğu, real həyatla heç bir əlaqəsi olmayan belə hekayələr çoxdur.
- Yeri gəlmişkən, məqalədə sizin sitatınız yer alıb. Guya Ermənilərin Qarabağdakı məğlubiyyətinin “mənfi tərəfi var”: Rusiya silahları nüfuzdan salınır və bu hekayənin ən qorxulu məqamıdır”.
- Hətta bu sitat belə ümumi kontekstdən çıxarılıb. Mən Ermənistan rəhbərliyinin öz günahını (məğlubiyyətə görə - red.) digər tərəfin üzərinə atmağa çalışdığını, daim Rusiya silahlarını ittiham etdiyini yazdım. Gah hava hücumundan müdafiə sistemləri o deyil, gah radioelektron mübarizə (REM) sistemi effektiv deyil, gah da “İskəndər” işləmir.
Ermənistanın Rusiya və Türkiyə silahlı qüvvələrinin birgə səyləri ilə işğalı iddialarına gəldikdə, bu, təkrar edirəm, erməni müəllifinin həyəcanlı təxəyyülünün bəhrəsidir. Bütün bunların nəyə lazım olduğu aydın deyil.
- “Ümumerməni” “Sasna Tsrer” adlı bir partiya var. Onun fəalları 2016-cı ildə İrəvanda terror aktlı törətməklə tanınır. O zaman polis bölməsi ələ keçirilmiş, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları öldürülmüşdü. Bu siyasi partiyanın bəyanatında Ermənistanın Rusiya-Türkiyə ittifaqı tərəfindən biabırçı və xain məğlubiyyətə məruz qoyulduğu qeyd olunur.
- ... Axı müharibə nə Rusiya, nə də Türkiyə ilə aparılıb. Bilmirəm bu açıqlamaları məntiqi baxımdan necə izah etmək olar (gülür). Biz sizinlə söhbətimizdə, Rusiyanın istər Azərbaycan, istərsə də Ermənistanla yaxşı münasibətlər saxlamasının vacibliyindən danışmışdıq. Rusiyaya 44 günlük müharibədə kiminsə tərəfində olmaq sərfəli deyildi. Görünür bəzi erməni siyasi dairələrində belə bir fikir üstünlük təşkil edir ki, Rusiya Ermənistanın bütün xarici və daxili problemlərini həll etməlidir. Ancaq Moskvanın İrəvana heç bir borcu yoxdur. Bəli, Ermənistan KTMT-də daxil, Rusiyanın müttəfiqdir. Ancaq Ermənistana görə istənilən müharibəyə girmək? Bu, Rusiya Federasiyasının maraqlarına uyğun deyil.
Vaxtilə, keçən əsrin 80-ci illərində, Ermənistandakı bəzi dairələr müstəqillik uğrunda israrla mübarizə aparırdılar və Ermənistan elitası da Qərbə meylli idi. Sonra müstəqillik dövrü yetişdi. Məlum oldu ki, Ermənistan az əhaliyə və kiçik hərbi, iqtisadi imkanlara malik balaca ölkədir. Problemlər isə həddindən artıq çoxdur. Onları necə həll etməli? Göründüyü kimi hətta erməni dövlətinin birinci şəxslərində də bu suala aydın cavab yoxdur.
Müasir silahlarla və hərbi texnika ilə təchiz edilmiş ordunu saxlamaq üçün vəsait lazımdır.
Əhalisi Moskvanın bir inzibati bölgəsindən daha az olan Ermənistan bu pulu haradan əldə edə bilər?
Elə bu səbəblərdən ehtiraslar da coşur, o cümlədən Qarabağ ətrafında. Qoy Ermənistanda öz özlərinə ölkənin rəhbərliyi və müstəqilliyi barədə suallar versinlər: bunlar Ermənistanın problemlərinin həllinə kömək edəcək mi?