Millimizin 41 yaşlı kapitanı karyerasını bitirəcəyi tarixi açıqladı
“Biz hər oyuna üç xal qazanmaq üçün çıxacağıq. Vəsiqəni əldə etsək də, birinci pilləyə sahiblənməliyik. Apreldə səfərdə Slovakiya ilə qarşılaşacağıq. Çətin olacaq, amma Moldova ilə son matçdakı səhvlərimizi təkrarlamasaq, üç xalla dönəcəyik. Qrup mərhələsinə Yunanıstanla duellə yekun vuracağıq. Bu oyunda da ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu oyunlar həm də bizə səhvlərimizi düzəltmək, oyun təcrübəsini, eləcə də reytinq xallarını artırmaq imkanı verəcək. Niyə bu fürsətdən istifadə etməyək?”
Bunu Azərbaycan Futzal Federasiyasının saytına müsahibəsində millimizin kapitanı Rizvan Fərzəliyev deyib.
O, millimizin sayca altıncı dəfə qatılacağı Avropa çempionatından (19 yanvar - 6 fevral 2022-ci ildə Niderlandın Amsterdam və Qroninqen şəhərlərində keçiriləcək – red.) sonra karyerasını bitirəcəyini bildirib:
“Çalışacağam, altıncı dəfə də qitə birinciliyində iştirak edim. Hər gün məşqlərimi edir, formamı qoruyuram. Yaş baxımından ən çətin turnirim olacaq. Amma uşaqlardan geri qalmamaq üçün əlimdən gələni edirəm. İnşallah, ən uğurlu nəticəmizi bu dəfə qazanarıq. Ən yaddaqalan Avropa çempionatı 2010-cu ildə debüt etdiyimiz yarış oldu. Siftəmiz olmasına baxmayaraq, yekunda yarımfinalçı olduq və yarışı dördüncü pillədə başa vurduq. Bu dəfə yaxşı nəticə qazanmalıyıq ki, karyeramı da uğurlu sonluqla yekunlaşdırım. Məhz gələn il keçiriləcək qitə birinciliyindən sonra karyeramı başa vurmağı düşünürəm.
Fikrimdə məşqçi kimi çalışmaq var. Bu sahədə özümü indidən sınayıram. Həvəskar komandalarla müxtəlif turnirlərdə iştirak edirəm. Artıq baş məşqçi kimi üç çempionluq qazanmışam. Oyunçu kimi karyeramı bitirdikdən sonra, futzalda məşqçi kimi çalışacağam”.
41 yaşlı müdafiəçi müsahibəsində qarşıdan gələn Novruz bayramından da danışıb:
“Bu bayram münasibəti ilə xalqımızı təbrik edirəm. Əlbəttə, bayramla bağlı xatirələrimiz çoxdur. Uşaq vaxtı papaq atardıq, yumurta döyüşdürərdik, müxtəlif əyləncəli oyunlarda iştirak edərdik. İndi bayramlar əvvəlki kimi keçmir. Allah süfrələri ruzi-bərəkətli etsin, ən əsası sağlam canla yaşamaq qismətimiz olsun. Onu da deyim ki, bu dəfə Novruz bayramı fərqli əhval-ruhiyyədə keçiriləcək.
30 ilə yaxındır işğal altında olan torpaqlarımızda da indi milli bayramımız olan Novruz qeyd ediləcək. Bu zəfəri bizə yaşadan Ali Baş Komandana, ordumuza təşəkkür edirəm. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza tez sağalmağı, qazilərimizə isə can sağlığı arzulayıram. Onu da qeyd edim ki, qardaşım ehtiyatda olan zabit kimi Zəfər yürüşündə iştirak edib. Təbii ki, onunla fəxr edirik”.