Boks üzrə qadın millimiz Türkiyəyə yollanır



 

Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə beynəlxalq yarışda iştirak edəcək.

Oxu.Az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin çalışdırdığı kollektiv İstanbulda təşkil olunacaq Boğaziçi turnirinə üç idmançı ilə yollanacaq.

Qardaş ölkədəki turnirdə Məhsəti Həmzəyeva (-57 kq), Məryəm Cəbrayılova (-69 kq) və Aynur Rzayeva (-75 kq) gücünü yoxlayacaq. Komandamız səfərə bu gün saat 12:05-də çıxacaq.

Yarışda ölkəmizi qadın boksçularla yanaşı, Türkiyədə təlim-məşq toplanışında olan kişilərdən ibarət yığmamız da təmsil edəcək. Kastamonu şəhərində hazırlıq keçən 13 idmançımız – Rüfət Hüseynov, Məsud Yusifzadə (hər ikisi -52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi -57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi -63 kq), Sərxan Əliyev, Lorenso Sotomayor, Nəbi İsgəndərov (hər üçü -69 kq), Kamran Şahsuvarlı (-75 kq), Alfonso Dominqes (-81 kq), Osnay Benkoma (-91 kq) və Məhəmməd Abdullayev (+91 kq) uzun fasilədən sonra rinqə çıxacaq.

Boğaziçi turnirində Emin Qurbanəliyev Azərbaycanı hakim qismində təmsil edəcək.

Yarış sabah start götürəcək və beş gün davam edəcək. Turnirdə 29 ölkədən 202 (128 kişi, 74 qadın) boksçunun iştirakı gözlənilir.