Azərbaycanın iki qılıncoynadanı Dünya Kubokunun əsas mərhələsinə vəsiqə qazandı - FOTO
Qılıncoynatmanın sablya növü üzrə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Dünya Kubokunda bu gün qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib.
Oxu.Az xəbər verir ki, təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi altı görüşdən beşini qalib başa vuran Anna Başta birbaşa turnirin əsas mərhələsinə vəsiqə qazanıb. Anna Başta 1/32 finalda macarıstanlı Kira Kesei ilə qarşılaşacaq.
Qrupda keçirdiyi beş görüşdən üçündən qalib ayrılan Valeriya Bolşakova sabah keçiriləcək əsas mərhələyə yüksəlib. Valeriya təsnifat mərhələsinin pley-offunda Gürcüstan sablyaçısı Teodora Kaxiani (15:9) və İspaniya təmsilçisi Mariya Venturanı (15:5) mübarizədən kənarlaşdırıb. Valeriya 1/32 finalda Rusiya qılıncoynadanı Olqa Nikitina ilə üz-üzə gələcək.
Qrup mərhələsini üç qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova isə təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb. Sevil Türkiyə təmsilçisi İrina Şuka 13:15 hesabı ilə uduzub. Səbinə isə fransalı Marqo Rifkissə 10:15 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu, qılıncoynadanlarımızın pandemiya dönəmində iştirak etdiyi ilk yarışdır.