Azərbaycanlı dünya çempionu “Karabakh is Azerbaijan” maskası taxdığı üçün cəzalandırılıb - ÖZƏL + FOTO



 

“Dünya Kubokunda üzərində “Karabakh is Azerbaijan” (Qarabağ Azərbaycandır) sözləri yazılmış maska taxmışdım. Buna görə məni Ümumdünya Güləş Birliyi üç aylıq yarışlardan diskvalifikasiya edib və 10 min manat məbləğində cərimələyib. Hələlik mənim diskvalifikasiyam bitməyib. İnşallah, apreldə Varşavada keçiriləcək Avropa çempionatına kimi cəzamın müddəti başa çatacaq. Qismət olsa, mayda Sofiyada keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində də iştirak edə bilərəm”.

Bunu Oxu.Az-a yunan-Roma güləşi üzrə millimizin aparıcı üzvlərindən olan Eldəniz Əzizli deyib.

2018-ci ilin dünya və Avropa çempionu ötən ilin dekabrında Serbiyanın paytaxtı Belqradda keçirilmiş Fərdi Dünya Kubokunda bürünc medal qazanıb. Həmin vaxt onun taxdığı, üzərində “Karabakh is Azerbaijan” yazılan maska ermənilərin xoşuna gəlməyib və bundan təşkilatçılara və Ümumdünya Güləş Birliyinə (UWW) şikayət olunub. Nəticədə UWW-nin Hüquq və Etika Komissiyası idmançımızı üç aylıq cəzalandırıb.

“Məntiqsiz qərardır. Məndən əvvəl Artur Aleksanyan Dünya Kubokundan öncə keçirilmiş yarışda ölmüş erməni əsgərinin şəkli ilə çıxmışdı. Amma ona heç kim heç nə deməmişdi. Mən isə belə bir maska ilə çıxdım, bundan şikayət olundu.

Əslində UWW hamıya yarış zamanı eyni maska vermişdi. Yalnız 55 kq-da güləşən idmançılara maska paylamaq yadlarından çıxmışdı. Onlar da məni cəzalandırarkən belə əsaslandırdı ki, guya mən bunların verdiyi maskanı yerə atıb, öz cibimdən “Karabakh is Azerbaijan!” yazılmış maskanı taxmışam və bu da kameraya düşüb. Halbuki mənə təşkilatçılar heç bir maska verməyib.

Onlara izah da etmişəm ki, tutalım siz verdiyiniz maskanı mən yerə atmışam, bəs 55 kq-da qızıl, gümüş və digər bürünc medal qazanan güləşçilər də bunu yerə atıb? Axı onlar da UWW-nin maskasını taxmayıb. Pandemiya vaxtı maska ilə ilk yarış idi deyə yalnız 55 kq-da güləşənlərə maska paylamaq yadlarından çıxmışdı. Bizdən sonrakı çəkilərdə bütün güləşçilərdə UWW-nin maskası vardı”, - deyə Eldəniz Əzizli bildirib.

Qeyd edək ki, ötən ilin sonlarında “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da yazdığı statusa görə ermənilər tərəfindən şikayət olunmuş, nəticədə UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı onu ömürlük futbol fəaliyyətindən uzaqlaşdırmağa dair qərar çıxarmışdı. Üstəlik, “Qarabağ” klubu 100 min avro məbləğində cərimələnmişdi.

Səbuhi Musayev