Ermənistanın Qarabağa hərbçilər göndərməsi BMT sənədində - FOTO
Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfinin beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, öz hərbçilərini Azərbaycanın beynəlxalq tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə martın 1-də ünvanladığı məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məktubunda Ceyhun Bayramov Ermənistan tərəfinin bölgədə qeyri-sabitliyə xidmət edən addımlarına Baş katibin diqqətini cəlb edib.
Bu xüsusda Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərilməsi barədə məlumatı çatdırır.
Bu faktın Ermənistanda hərbçilərin ailələrinin etirazına səbəb olduğu və müstəqil media tərəfindən qeydə alındığı bildirilir.
Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirilməsinin Ermənistanın beynəlxalq öhdəliklərininin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və riayət etmək öhdəliyininin kobud şəkildə pozulması halı olduğunu vurğulayır.