Aleksandr Razuvayev: “Ermənistanda hər şey söhbətlərlə məhdudlaşacaq” - MÜSAHİBƏ
Ermənistanın sarsıdıcı məğlubiyyətə düçar olduğu müharibənin üzərindən artıq dörd ay keçib. Ancaq artıq Ermənistanda müxtəlif səviyyədə çıxışlar edən məmurlar və siyasətçilər hansı vəsait hesabına icra ediləcəyi sual altında olan fantastik ideyalar irəli sürürlər. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan digər xərclər nəzərə alınmadan təkcə ordunun döyüş qabiliyyətinin bərpası üçün 3 milyard dollar lazım olduğunu deyir. İnfrastruktur naziri Suren Papikyan Metsamor AES-in bağlanması üçün beynəlxalq çağırışları gözardı edərək Ermənistanın yeni atom elektrik stansiyası tikəcəyini bildirir, İrəvan isə NASA-nın Aya insan göndərilməsi proqramında iştirak üçün ərizə göndərir. Ancaq bütün bunların hansı vəsait hesabına ediləcəyi barədə heç kim danışmır.
Rusiyalı iqtisadçı, Avrasiya üzrə ekspert Aleksandr Razuvayev “Caliber.Az”-a müsahibəsində bildirib ki, iqtisadi nöqteyi-nəzərdən bu layihələrin heç biri real deyil.
“Yenidən silahlanma məsələsini götürək. Nəzəri cəhətdən əgər ABŞ, Fransa və Rusiyadakı erməni diasporaları pul toplayarsa, o zaman vəsait olacaq. Ancaq çətin ki, kimsə pul verəcək. Hər şey söz-söhbətlə məhdudlaşacaq. Elə yerdə qalanların da heç bir iqtisadi əsası yoxdur. Bunlar müharibədəki məğlubiyyətin ağrısını hansı yolla azaltmaq, özünü sözdə böyük etmək üçün şifahi bəyanatlardır”, - deyə ekpert bildirib.
- Digər bir məqam – atom elektrik stansiyasıdır. Bütün dünyada Ermənistanın AES-nin təhlükəsi barədə danışırlar, onu bağlamağa çağırırlar. Ancaq yeni stansiyanın tikintisi üçün çox pul gərəkdir, Rusiya sərmayə qoyacaqmı?
- Gəlin Belarus AES-lə müqayisə edək. Onun tikintisi 9 milyard dollara başa gəldi. Böyük vəsaitdir və Ermənistanda yeni bir atom elektrik stansiyasının tikintisinə təqribən bu qədər vəsait tələb oluna bilər. Rusiya, yekunda Belarusdan bu pulları geri alacaq, Ermənistanda isə ümumiyyətlə nəyin necə olacağı bəlli deyil. “Rosatom” dövlət korporasiyasıdır, ancaq bazar prinsipləri əsasında çalışır, heç kim pulları səpələməyəcək, SSRİ vaxtı geridə qalıb. Odur ki, Ermənistanda yeni AES tikintisi barədə söhbətlər elə danışıq səviyyəsində qalacaq.