Karate millimiz bir illik fasilədən sonra yarışa qatılır: Rafael Ağayev yenə tatamidə - FOTO



 

Bir illik fasilədən sonra karate üzrə milli komanda beynəlxalq turnirə qatılacaq.

Oxu.Az-a verilən xəbərə görə, idmançılarımız 12-14 Mart tarixlərində Türkiyədə Karate 1 Premyer Liqa turnirində iştirak edəcək.

İstanbulda keçiriləcək yarışa 75 ölkədən 865 karateçi qatılacaq.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 21 idmançı yer alıb. Bəzi çəkilərdə millimiz bir neçə idmançı ilə tatamiyə çıxacaq.

Kişilər: Firdovsi Fərzəliyev, Sultan Hüseynov, Əminağa Quliyev (hər üçü -60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi -67 kq), Rafael Ağayev, Fərid Ağayev (hər ikisi -75 kq), Turqut Həsənov, Pənah Abdullayev, Ayxan Mamayev (hər üçü -84 kq), Asiman Qurbanlı, Əli Cəfərov (+84 kq)

Qadınlar: Nuranə Əliyeva, Fidan Teymurova (hər ikisi -50 kq), İlahə Qasımova, Mədinə Sadıqova (hər ikisi -55 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq).

Kata çıxışlarında Roman Heydərov (fərdi), həmçinin Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət komandamız yarışda iştirak edəcək.

Beynəlxalq hakimlər – Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev nüfuzlu Premyer liqa turnirini idarə edənlər arasında olacaq. 

Qeyd edək ki, millimiz yarışdan 10 gün əvvəl İstanbulda təlim-məşq toplanışına başlayıb. Komandamız hazırda meydan sahibi Türkiyə millisi ilə birgə hazırlıq keçir.

Onu da bildirək ki, İstanbul Premyer Liqası yarış təqviminə Bakıda pandemiya səbəbindən keçirilməyən analoji turnirin əvəzinə salınıb.