Bakıda məşq keçən əcnəbi millilərin baş məşqçiləri yaradılan şəraitdən danışdı - FOTO



 

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçiriləcək.

Bu yarışda qitə ölkələrinin idmançıları Tokio Olimpiadasına lisenziya qazanmağa çalışacaq. Xatırladaq ki, hər çəkidə finala yüksələn iki güləşçi Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Komandalarımız məsul yarışa ciddi hazırlaşır.

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət yığmamız martın ilk günlərindən yarışın keçiriləcəyi məkanda təlim-məşq toplanışı keçir. Yunan-roma və sərbəst güləş üzrə millilərimiz isə son hazırlıq prosesini Olimpiya Güləş Mərkəzində davam etdirir.

Sərbəst güləşçilərimiz qonaq komandaların üzvləriylə birgə məşq edir. Fransa, Rumıniya və İsveçrə milliləri ayın əvvəlindən Bakıda yığmamızla birgə təlim-məşq toplanışı keçir. Qonaq komandaların çalışdırıcıları Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib. Onlar hazırlıq prosesinin səviyyəsindən, federasiyanın bazasından və yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Frant Andrey - Rumıniya yığmasının məşqçisi: “Burada yaxşı hazırlıq keçirik. Qidalanma, qaldığımız otel, məşq şəraiti – hər şey yüksək səviyyədədir. Yaxşı sparrinq rəqiblərimiz var. Azərbaycan yığması çox güclüdür. Bu da bizim üçün faydalıdır. Əlbəttə, belə yaxşı komandayla birgə toplanış keçmək xeyrimizədir. Düşünürəm ki, İsveçrə və Fransa yığmaları da bundan faydalanır. Fikrimcə, bazanız Avropanın ən yaxşı güləş mərkəzidir. Burada təkcə güləş zalı yox, həm də fitnes zalı və sauna da var”.

Didye Pais - Fransa yığmasının baş məşqçisi: “Bizim üçün hər şey çox yaxşıdır. Çünki burada çoxlu güləşçilər var. Bu da keyfiyyətli hazırlıq prosesi keçməyə imkan verir. Otel və qidalanma da ürəyimizcədir. Olimpiya Güləş Mərkəzi isə çox gözəldir. Burada çoxlu güləş xalçası var. Avropa Olimpiya Təsnifat turnirində hədəfimiz ən azı bir lisenziya qazanmaqdır. Hansı çəkidə bunu bacaracağımızı isə deyə bilmərəm”.

Nikolae Qita - İsveçrə yığmasının baş məşqçisi: “Daha öncə də bir neçə dəfə Bakıda olmuşam. Ancaq öncəki səfərlərimdə Rumıniya və Almaniya yığmalarının çalışdırıcısı kimi ölkənizə gəlmişəm. Bu dəfə isə İsveçrə sərbəst güləş millisinin baş məşqçisi kimi buradayam. Təlim-məşq toplanışının səviyyəsi olduqca yüksəkdir. İlk növbədə onu qeyd edim ki, burada bir-birindən güclü güləşçilər var. Yeməklər, otelin şəraiti və güləş bazası tələblərə tam cavab verir. Hər şey bizim üçün çox yaxşıdır. O ki qaldı komandamıza, 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında 86 kq-da Olimpiadaya lisenziya qazandıq. Avropa Olimpiya Təsnifat turnirində isə 74 və 97 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacağıq”.

Qeyd edək ki, sərbəst güləşçilərin təlim-məşq toplanışına martın 14-də yekun vurulacaq. Komandamız növbəti gün Macarıstana yollanacaq. Sərbəst güləşçilər lisenziya yarışının ilk günlərində (18-19 mart) xalça üzərinə çıxacaq.