Hakimi təhqir edən azərbaycanlı futbolçunun cəzası açıqlandı
AFFA İntizam Komitəsi “Keşlə” klubunun köməkçi məşqçisi Azər Bağırovu bir oyunluq cəzalandırıb.
Buna səbəb mütəxəssisin 19-cu turda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə almasıdır. Bu səbəbdən “Keşlə”yə 800 manat cəza kəsilib.
Komitə “Səbail”lə oyunda qırmızı vərəqə almış “Qəbələ”nin futbolçusu Rüfət Əhmədova da eyni cəzanı verib.
“Səbail”in oyunçusu Ruslan Hacıyev isə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün iki oyunluq cəza ilə üzləşib. Bu hadisələrə görə paytaxt klubu 200, əyalət təmsilçisinə 1600 məbləğində cərimə olunub.
Həmçinin, bu qarşılaşmadan əvvəl yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. “Qəbələ” bunun üçün əlavə 400 manat ödəməli olacaq.
İntizam Komitəsi millimizin futbolçusu Ramil Şeydayevi isə dörd oyunluq cəzalandırıb.
Şeydayev “Sabah” klubunun əvəzedici komandasının heyətində I divizionun 16-cı turunun “Qaradağ Lökbatan”la matçının 63-ci dəqiqəsində baş hakim Fərid Hacıyevi təhqir edib. Əgər I divizionun digər matçları üçün heyətə salınmaq istəsə, “Sabah” dörd oyunluq Ramil Şeydayevin xidmətindən yararlana bilməyəcək. Bakı klubu isə buna görə 320 manat cərimələnib.