“DOST” mərkəzlərinə yeni səlahiyyətlər verildi - QƏRAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə, Sosial Xidmətlər Agentliyinə və “DOST” mərkəzlərinə yeni səlahiyyətlər verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb.
Bundan sonra fövqəladə hallar şəraitində müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülmüş zərərçəkmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən müvafiq işlə təmin ediləcəklər.
Həmçinin, peşə hazırlığı, yenidən hazırlıq və işə düzəltmə insan alveri qurbanları üçün yardım mərkəzlərinin göndərişi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən həyata keçiriləcək.
Digər qərardakı dəyişikliyə əsasən, qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sanatoriya-kurort putyovkası ilə (sanatoriya-kurort müalicə yerlərinə gediş-gəliş xərcləri daxil olmaqla) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunacaqlar.
Eyni zamanda digər dəyişikliklə şəhid ailəsi statusunun təsdiq edilməsi ilə bağlı vəsiqə ailələrin yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən veriləcək.
Bundan başqa, kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, işə-götürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən ediləcək.