Çempionlar Liqası: “Barselona” yenə PSJ-yə sürpriz edə biləcəkmi?
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında məğlubiyyətləri sıralayan “Liverpul” azarkeşlərinə özünü Çempionlar Liqası vasitəsilə bağışlatmaq istəyir.
Yürqen Kloppun yetirmələri ilk oyunda Almaniyanın “Leypsiq” klubuna 2:0 hesabı ilə qalib gəlib. “Liverpul” cavab matçını ev sahibi qismində Budapeştdəki “Puşkaş Arena”da keçirəcək. Komandalar arasında birinci görüş də bu stadionda baş tutub. Bu matç iki alman məşqçinin dueli baxımından da maraq doğurur.
Digər matçda isə PSJ Fransada İspaniyanın “Barselona” klubu ilə görüşəcək. Parisdəki ilk matçda Fransa çempionu güclü rəqibini 4:1 hesabı ilə məğlub edib. Artıq PSJ-nin 1/4 finalın qapısını araladığını deyənlər var. Amma unutmayaq ki, “Barselona” üç il əvvəl PSJ-yə öz meydanında 6:1 hesabı ilə qalib gəlməklə mərhələ adlayıb. Baxmayaraq ki, ilk görüşdə Kataloniya klubu PSJ-yə 0:4 hesabı ilə uduzmuşdu. Bu Çempionlar Liqası tarixindəki ən böyük hesablı geridönüş idi.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi (cavab görüşləri)
10 mart
00:00 “Liverpul” (İngiltərə) – “Leypsiq” (Almaniya)
İlk oyun – 2:0
00:00 PSJ (Fransa) - "Barselona" (İspaniya)
İlk oyun – 4:1
Qeyd edək ki, 1/4 finalın iki iştirakçısı artıq məlumdur. Dortmund “Borusiya”sı (Almaniya) və “Portu” (Portuqaliya) klubları adlarını ən güclü səkkiz komanda siyahısına yazdırmağı bacarıblar.
Səbuhi Musayev