Ukraynalı ekspert: “Azərbaycanın təcrübəsini öyrənəcəyik, ən yaxşısını tətbiq edəcəyik”
Ukrayna mediası, politoloqlar, dövlət xadimləri Qarabağın azadlığı üçün Vətən müharibəsinin nəticələrini təhlil etməyə, Azərbaycan təcrübəsini öyrənməyə davam edirlər. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda keçirilən mətbuat konfransında ukraynalı jurnalistlər suallarında məhz bu mövzuya toxundular.
Ukraynanın Azərbaycanın öz ərazilərini azad etməsi və daha sonra bərpa olunması təcrübəsinə marağı ilə bağlı Media.Az-a ukraynalı siyasi ekspert, "İNPOLİT" İctimai Siyasət və Konsaltinq İnstitutunun rəhbəri Serqey Bıkov münasibət bildirib.
Onun sözlərinə görə, bütün hərbi-siyasi qarşıdurmaların özünəməxsus xüsusiyyətləri var və təcrübəni tam mənimsəmək çətin ki, mümkün olsun.
“Ancaq bəzi paralellər aparıla bilər. Məsələn, beynəlxalq diplomatiya amilinin təsirinin, onun Dağlıq Qarabağda və Donbasdakı rolunun xüsusiyyəti var. Məsələn, ABŞ, həmçinin “Krım Platforması” layihəsində fəallıq göstərən Böyük Britaniya Ukraynanın şərqindəki münaqişənin həllində nə dərəcədə iştirak edəcək? Ukraynanın Qərb tərəfdaşlarının tam iştirakı olduğu təqdirdə Donbasdakı qarşıdurma yaxın gələcəkdə bitə bilər”, - deyə o, bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işləri aparılır, dəmir yolları, avtomobil yolları, hava limanları tikilir. Ukraynada da “Böyük İnşaat” proqramı başlanıb. Siyasi ekspert bu layihənin Donbası nə dərəcədə əhatə edə biləcəyinə də toxunub.
İnstitut rəhbəri bildirib ki, prezident Vladimir Zelenski Ukraynanın dirçəldilməli olduğunu, on illərdir tikilməyən və ya tamamlanmayan, istifadəyə verilməmiş, başa çatdırılmayan infrastruktur obyektləri inşa etmək lazım olduğunu aydın başa düşür.
“Hazırda Ukraynada yollar yenilənir və genişləndirilir, körpülər tikilir və təmir olunur. Əminəm ki, Donbasın Ukraynanın həqiqi nəzarətinə qaytarılmasından sonra “Böyük İnşaat” bu ərazilərə də yayılacaq”, - deyə ekspert əlavə edib.
O, hazırda Donbasda hökumətin nəzarətində olan ərazidə işlər getdiyini, məktəblər, uşaq bağçaları, yolların tikildiyini qeyd edib.
“Əlbətdə ki, Azərbaycanın və digər ölkələrin ərazilərinin bərpası ilə bağlı təcrübəsini öyrənəcəyik. Ən yaxşısını götürüb tətbiq edəcəyik”, - deyə Bıkov sözlərini yekunlaşdırıb.