BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edildi



 

Beş ildən bir keçirilən bu mötəbər forumun işinə BMT-nin üzv olan ölkələrindən dövlət və hökumət başçıları, ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri bilavasitə və ya onlayn qatılıblar.

Bu barədə Azərbaycanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycanı Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə, Ədliyyə, Xarici və Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun məsul şəxsləri daxil ediliblər.

Qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyən edən və əsas təşkilatçısı Yaponiyanın Ədliyyə Nazirliyi olan bu tədbirin təntənəli açılış mərasimində Yaponiyanın şahzadəsi Hisako Takamodo və Baş naziri Yoşihide Suqa, BMT-nin baş katibi Antonio Quterreş, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının sədrləri, habelə ev sahibliyi edən ölkənin ədliyyə naziri və baş prokuroru çıxış ediblər.

Açılış mərasimindən sonra yüksək səviyyəli plenar sessiyanın iclasları başlayıb. İlk iclasda birinci çıxış edən respublikanın ədliyyə naziri Azərbaycan və həmçinin, ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkətına üzv olan 120 dövlət adından nitqlər söyləyib.  

BMT-nin saytında canlı yayımlanmış çıxışda ədliyyə naziri ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə görülən cinayətkarlığın qarşısının alınması üzrə qəti tədbirləri, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə xaricdə təqdir olunan genişmiqyaslı islahatları, o cümlədən elektron məhkəmənin tətbiqini, göstərilən sahələrdə Azərbaycanın yüksək beynəlxalq reytinqlərə malik olmasını, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə atılan mühüm addımları, korrupsiya ilə mübarizə üzrə ciddi işləri vurğulayıb. O cümlədən xaricdə böyük maraqla qarşılanan Azərbaycan brendi olan “ASAN xidmət”in səmərəli fəaliyyətindən danışıb.

Çıxışda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın 30 illik erməni işğalından azad olunduğu, təcavüzkar düşmənin törətdiyi müharibə cinayətləri, xüsusilə Ermənistan tərəfindən beynəlxalq normalara zidd olaraq xarici ölkələrdən olan terrorçu muzdluların cəlb edilməsi, erməni diasporu tərəfindən aldatma və digər qanunsuz yollarla silah-sursatların alınması və humanitar yardım altında münaqişə zonasına mülki aviaşirkətlər vasitəsilə qanunsuz göndərilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

İşğal dövründə torpaqlarımızın yerlə-yeksan edildiyi, infrastrukturun büsbütün viran olunduğu, o cümlədən tarixi, mədəni və dini abidələrin məhv edilməsi ya da talanması faktları vurğulanıb. Həmin ərazilərin qeyri-qanuni iqtisadi fəaliyyət, narkotrafik və digər cinayət əməlləri üçün istifadə olunması qeyd edilib.

Konqres iştirakçılarının və bütün dünya hüquq ictimaiyyətinin diqqəti Ermənistanın bu cinayət əməllərinə cəlb edilib və sülh üçün təhlükə olan bu əməlləri törədənlərin məsuliyyətə cəlb olunması ilə bağlı bütün dövlətlərə çağırış olunub.

Çıxışın ingilis və rus dillərində olan mətnləri tədbir iştirakçıları təqdim edilib.

Qoşulmama Hərəkatı adından tədbirdə çıxış edilərək Kioto Konqresinin gündəliyindən irəli gələn məsələlərlə bağlı hərəkatın mövqeyini əks etdirən bəyanat barədə məlumat verilib. Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin razılığı ilə qəbul edilərək yayımlanmış bəyanatında Azərbaycan tərəfinin təkliflərinə uyğun olaraq xeyriyyə təşkilatlarından terrorçuluğun maliyyələşdirilməsi məqsədilə istifadə edilməsinin qarşısının alınması, münaqişə dövründə vandalizm aktları, mədəni irsin dağıdılması və ya talanması ilə bağlı böyük narahatlıq ifadə olunaraq bu halların aradan qaldırılmasına, qanunsuz çıxarılmış mədəni mülkiyyətin qanuni sahibinə geri qaytarılması ilə bağlı çağırışlar təsbit olunub.

Konqres iştirakçılarının diqqətini cəlb edən bu əsaslı ittihamlardan yayınmaq istəyən Ermənistan tərəfi ölkəmiz və Türkiyə ilə bağlı uydurma fikirlər söyləyib, lakin Azərbaycan nümayəndə heyətinin tutarlı dəlilləri ilə onların yalanları tam ifşa olunub.

Elə həmin iclasda qlobal cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə yönəlmiş Kioto Bəyannaməsi qəbul olunub. Bu beş illik proqram xarakterli mühüm sənəddə Azərbaycanın təkliflərinə əsasən milli maraqlarımıza cavab verən müddəalar tam əksini tapıb.