“Neftçi” baş məşqçi olan Hondanı özünə futbolçu gətirmək istəyir
Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda Azərbaycan çempionatında oynaya bilər.
Menecerlər hazırda sərbəst futbolçu olan 34 yaşlı yarımmüdafiəçini “Neftçi”yə təklif edib. Bəs bu məsələ ilə bağlı hansı yenilik var?
“Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Oxu.Az-a açıqlamasına görə, hazırda bu yöndə danışıqlar gedir:
“Honda bir müddət öncə klubumuza təklif olunub. Bu barədə bir müddət düşünməli olduq. Məşqçilər heyəti razılığını verdikdən sonra futbolçunu bizə təklif edən menecer qurumuna Hondanın transferində maraqlı olduğumuzu bildirdik.
Bundan sonra danışıqlar başladı. Bir müddətdir ki, diskusiyamız davam edir. Danışıqlar müsbət yekunlaşsa, onunla rəsmi müqavilə bağlanacaq. Transfer baş tutsa, Honda “Neftçi”də cari mövsümün sonunadək – may ayınadək çıxış edəcək. Mövsüm bitdikdən sonra isə Honda sərbəst futbolçuya çevriləcək”.
Qeyd edək ki, Honda Niderlandın “VVV-Venlo”, “Vitese”, Rusiyanın ÇSKA, İtaliyanın “Milan”, Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori” və Braziliyanın “Botafoqo” klublarında legioner karyerası yaşayıb.
O, fevralın 4-də Portuqaliyanın “Porçimonensi” klubu ilə 6 ay + 1 il şərti ilə müqavilə bağlayıb. Lakin Purtimau təmsilçisi onun adını Portuqaliya çempionatına sifariş edə bilməyib. Səbəb onun Portuqaliya Primeyra Liqasının qaydalarına əsasən son üç ayda sərbəst futbolçu olmaması olub. Nəticədə fevralın 11-də Honda ilə müqavilə pozulub.
Onu da bildirək ki, Keysuke Honda eyni zamanda 2018-ci ildən Kamboca millisinin baş məşqçisidir. O, argentinalı Feliks Dalmasla birgə Cənub-Şərqi Asiya yığmasını çalışdırır.
Səbuhi Musayev