Maksim Şevçenko: “Qarabağ Azərbaycandır və mən bu barədə mübahisə etmək istəmirəm” - VİDEO
“Prekrasnaya Rossiya bu-bu-bu” adlı “Youtube” layihəsinin növbəti verilişində, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra etirazların baş verdiyi Ermənistandakı mövcud vəziyyət müzakirə edilib.
Verilişin qonağı tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko olub.
Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibədən sonra hakimiyyətdə qala bilməsinin və bəlkə də hələ uzun müddət hakimiyyətdə qalacağının səbəbi Rusiya, Türkiyə və Azərbaycanın, hətta Fransa liderlərinin ortaq maraqlarından irəli gəlir.
“Paşinyan bu maraqların balansında müəyyən bir nöqtədir. Bir tərəfdən Rusiya, digər tərəfdən Türkiyə, Avropa Birliyi və sair. Paşinyananın istənilən kənar hərəkəti maraqlar balansını pozur və konfrontasiyaya gətirib çıxara bilər”.
Aparıcılardan biri Ermənistandakı etiraz aksiyalarında silahla davranmağı bacaran təcrübəli insanların iştirakından və onların arxasında kimlərin dayandığından maraqlanıb.
M.Şevçenko Ermənistandakı etirazçıları Adolf Hitlerin elektoratı ilə müqayisə edib.
O qeyd edib ki, bu şəxslər də müharibənin nə olduğunu bilirdilər, Versal sülh müqaviləsindən (Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqaviləsi - red.) narazı idilər və qisas almağı tələb edirdilər. Ancaq hər iki halda bu insanlar ciddi elit qrupların dəstəyi olmadan uğur qazana bilmədilər.
“Erməni elitası Qarabağ müharibəsində məğlubiyyətə uğradı. Bu insanlar 30 il ərzində istehkamlar qurmuşdular, lakin bütün bunlar bir ay ərzində Azərbaycan ordusu və Türkiyə istehsallı PUAlar tərəfindən darmadağın edildi”, - deyə, M. Şevçenko bildirib.
Daha sonra layihə rəhbəri ilə jurnalist arasında Qarabağ ərazisinin Azərbaycana məxsus olub-olmaması üstündə mübahisə yaranıb.
“Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı mübahisə etməyəcəm. Kim istəyirsə gedib Azərbaycan əsgərindən soruşa bilər, o sizə müharibənin kimin ərazisində aparıldığını izah edəcək. Bu, Azərbaycan ərazisidir”, - deyə, M.Şevçenko vurğulayıb.
Eyni zamanda M.Şevçenko Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə də istinad edib.
M.Şevçenko Bakıda keçirilən, Azərbaycan və Türkiyə Prezidentlərinin olduğu qələbə paradında fəxri qonaq kimi iştirak etdiyini də xatırladıb.
“Türkiyə Azərbaycanda dünəndən deyil, erməni hərbi birləşmələrin rus qoşunlarının dəstəyi ilə bir milyon azərbaycanlını öz doğma torpaqlarından qovduğu vaxtdan mövcuddur.
Məhz o vaxtdan başlayaraq, təxminən 1994-cü ildən böyük lider Heydər Əliyev azərbaycanlı hərbçiləri Avropaya deyil, Türk hərbi məktəblərində oxumağa göndərməyə başladı”, - M.Şevçenko qeyd edib.
O bildirib ki, Cənubi Qafqazda, o cümlədən Ermənistanda rəsmi olaraq bir neçə Rusiya hərbi bazası var, Türkiyənin isə Azərbaycanda hərbi bazası yoxdur.