Kubalı legionerimiz Avropa çempionatında finala çıxdı



 

Polşanın Torun şəhərində atletika üzrə qapalı məkanda Avropa çempionatı start götürüb.

Oxu.Az xəbər verir ki, yarışda yeganə təmsilçimiz kubalı Aleksis Kopelyodur.

O, bu gün atletikanın üçtəkanla tullanma növündə uğurla çıxış edib. 35 yaşlı idmançının çıxış etdiyi A qrupunda ən yaxşı nəticəsi 16,84 metr olub. Bu nəticə ilə Kopelyo üçüncü yeri tutub və ikinci yeri tutmuş almaniyalı Maks Hessdən cəmi iki santimetr geri qalıb. Ancaq bu, onun cari mövsümdə ən yaxşı nəticəsi olub və kubalı legioner final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı martın 7-də başa çatacaq. Məhz həmin gün də kişilərdə üçtəkanla tullanmanın final mərhələsi keçiriləcək.

Xatırladaq ki, 2019-cu ildə Şotlandiyada keçirilmiş sonuncu Avropa çempionatının üçtəkanla tullanma növündə qalib Azərbaycan təmsilçisi Nazim Babayev olub. O, zədəli olduğu üçün bu dəfə yarışa qatıla bilməyib.

Səbuhi Musayev