Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? - YENİLİK



 

Ümumdünya Karate Federasiyası (WKF) pandemiya şəraitində keçiriləcək Olimpiadaya lisenziya xalları qazandıran yarışlarla bağlı müəyyən qərarlar qəbul edib.

Oxu.Az xəbər verir ki, 9-11 aprel tarixlərində Mərakeşin paytaxtı Rabatda keçiriləcək Premyer Liqa yarışının pandemiyaya görə baş tutmayacağı müəyyənləşərsə, onu eyni tarixlərdə digər Premyer Liqanı keçirən meydan sahibi əvəzləyəcək.

Əgər yeni meydan sahibi göstərilən tarixlərdə bu yarışı keçirə bilməsə, turnir fərqli tarixdə baş tutacaq. Əgər fərqli tarixdə də yarış baş tutmazsa, o zaman reytinq siyahısında əlavə lisenziya xalları olmayacaq. Yalnız 19-23 may tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək qitə karateçiləri reytinqə yeni lisenziya xalları qazandıra biləcək.

Əgər bu Avropa çempionatı da baş tutmazsa, o zaman 2019-cu ildə İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş analoji yarışın nəticələrinə əsasən mayda Olimpiya reytinqi açıqlanacaq. Maraq üçün bildirək ki, Pireney yarımadasında keçirilmiş həmin yarışda Rafael Ağayev gümüş, Asiman Qurbanlı və Roman Heydərov (kata) bürünc medal qazanıb.

11-13 iyun tarixlərində isə Fransanın paytaxtı Parisdə reytinqlə Olimpiadaya lisenziya qazana bilməyən karateçilər üçün təsnifat turniri keçiriləcək.

Qeyd edək ki, bu gün 36 yaşını tamamlayan Rafael Ağayev 75 kq və ukraynalı legionerimiz İrina Zaretskaya +61 kq üçün Olimpiadaya lisenziyanı təmin edib. WKF hər iki idmançımızın Olimpiadaya vəsiqə qazandığını ötən ilin aprelin 6-dakı reytinqə əsasən açıqlayıb.

Səbuhi Musayev