Ukraynada bir turnirdə iki erməniyə qalib gəlmiş güləşçimiz: “İndiyə kimi heç vaxt onlara uduzmamışam”



 

Sərbəst güləşçimiz Turan Bayramov bu il qatıldığı ikinci yarışdan da vətənə medalla qayıdıb.

Oxu.Az xəbər verir ki, Fransada keçirilən Anri Deqlan Qran Prisində 65 kq-da üçüncü yeri tutan istedadlı güləşçimiz Kiyev turnirində də bürünc medal qazanıb. Gəncə güləş məktəbinin yetirməsinin budəfəki uğuru daha əlamətdar olub.

Belə ki, gənc pəhləvanımız yarış boyunca Ukraynanı təmsil edən iki erməni əsilli idmançı üzərində inamlı qələbə qazanıb. Turan həm bu qarşılaşmalar, həm də turnirdəki ümumi çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

“Fransada bir illik intervaldan sonra yarışda iştirak etdim. Bu qədər fasilədən sonra güləşmək çox çətin idi. Ukraynadakı turnir bu baxımdan daha rahat keçdi. Çünki artıq yarış təcrübəsinə yiyələnmişdim. Həm də Kiyev turnirinə çox yaxşı hazırlaşmışdıq. Dağıstanda yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Mahaçqalada baş tutan hazırlıq prosesində Rusiya yığmasının üzvləri də iştirak edirdi. Belə rəqabət nəticəsində yüksək forma yığdıq.

Kiyev turnirində ilk rəqibimin erməni əsilli Qor Ohannesyan olduğunu eşidəndə çox sevindim. Çünki onunla qan yaddaşımız olan Xocalı faciəsinin ildönümündə qarşılaşacaqdım. Bir gün əvvəl yalnız qələbə qazanmaq haqqında düşünürdüm. Məğlubiyyət ağlımın ucundan belə keçmirdi. Bu motivasiya ilə də xalça üzərinə çıxdım. Son ana kimi əmin idim ki, qalib gələcəyəm. Çünki yüksək inam və motivasiya ilə güləşirdim. Bunun da nəticəsi olaraq erməni rəqibimə qalib gəldim.

Yarımfinaldakı görüş haqqında çox şey danışmaq olar. Qırğızıstan güləşçisiylə qarşılaşmada bir səhv həlledici oldu. Fənd işlətdikdən sonra rəqibin ayağını buraxmamağım rəqibin ardıcıl xallar qazanması ilə nəticələndi. Bir səhvdən rəqibə altı xal verdim. Bu isə böyük fərq yaratdı. Cüzi bir səhvin qurbanı oldum. Ancaq ruhdan düşmədim. İdmanda qələbə də var, məğlubiyyət də.

Bürünc medal uğrunda görüşdə erməni ilə qarşılaşacağımı eşidəndə sevindim. Çünki mən indiyə kimi heç vaxt erməni güləşçilərə uduzmamışam. Şükürlər olsun ki, karyeram boyunca ermənilərlə yeddi görüşün hamısında qalib gəlmişəm. Düzdür, Erik Aruşanyan güclü rəqib idi. Amma rahat qələbə qazandım”.

Qeyd edək ki, Hacı Əliyevin çəki dərəcəsində yarışan yeniyetmələr üzrə Olimpiya çempionumuz Turan Bayramov Qor Ohannesyana tuşe ilə, Erik Aruşanyana isə 3:0 hesabı ilə qalib gəlib.