Millimizin braziliyalısı: “Biz dogma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq”
“Dünən Bakıya yeni gəlmişdim, uçuşla bağlı bir qədər yorğunluq var idi. Bu gün özümü daha yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Əlbəttə, hamımız oyun haqda düşünürük. Moldova millisi də hazırda yaxşı formadadır. Bizi çətin bir qarşılaşma gözləyir”.
Oxu.Az xəbər verir ki, bunu futzal millimizin oyunçusu Tyaqo Bolinya deyib.
O, Azərbaycan Futzal Federasiyasının saytına müsahibəsində Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə Bakı İdman Sarayında baş tutacaq oyundan danışıb:
“Oyuna hazırıq. Əvvəlki iki oyunda qələbə qazanmışıq. Artıq oyun təcrübəmiz də var. Düzdür, tam heyətlə məşq keçmək üçün vaxtımız çox az oldu. Ancaq ümumi vəziyyət xeyrimizədir. Uğurlu nəticə qazanacağımıza inanıram.
Yunanıstana qarşı oyunda daha çox qol vurmalı idik. Epizodlarımız çox oldu. Sadəcə, istifadə edə bilmədik. Ola bilər, uzun müddət bu cür oyunlar keçirmirdiyimizə görə. Ancaq meydana üç xal qazanmaq üçün çıxırıq və arxada qalan iki oyunda buna nail olduğumuza görə məmnunam. Lakin bu çatışmazlığı da yoluna qoymalıyıq”.
Braziliyalı legioner Moldovanın oyunlarını izlədiyini bildirib:
“Yaxşı rəqibdir, heyətlərində fərqlənən futzalçılar var. Onlara qarşı 3-4 matçda forma geyinmişəm və hər dəfə çətinliklə qələbə qazandığımızı vurğulamalıyam. Bu dəfə də görüş çətin keçəcək. Diqqətli olmalı, oyuna yaxşı köklənməli, vacib olan üç xalı qazanmalıyıq.
Biz dogma meydanda oynadığımıza görə, üstünlük tərəfimizdə olacaq. Favoritik, ancaq bunu meydanda göstərməliyik.
Əlbəttə, Moldova ilə oyunlarda qazanacağımız altı xal çox suala aydınlıq gətirəcək. Ancaq biz addım-addım məqsədə nail olmalıyıq. Hələ Moldova ilə iki gün sonra keçirəcəyimiz oyuna köklənək. Bu görüşdə qələbə qazandıqdan sonra ikinci oyun haqda düşünməliyik. İndidən deyə bilmərik ki, altı xal bizimdir”.
Bosniya və Herseqovinanın “Salines” klubunda çıxış edən Tyaqo azarkeşsiz oynamaq barədə isə bunları deyib:
“Çox çətindir. Nəzərə alsaq ki, millinin oyunları zamanı zala xeyli azarkeş gəlirdi, bunun ağırlığını başa düşmək çətin deyil. Ancaq dünyada baş verən proseslərin nəticəsi olaraq bu qərar qəbul olunub. Ümid edirəm ki, final mərhələsinə qədər bu qadağalar aradan qaldırılar”.
Qeyd edək ki, Azərbaycan – Moldova oyunu martın 4-ü saat 19:00-da başlayacaq. Martın 9-da Kişinyovda keçiriləcək cavab oyunu isə Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Hər iki qarşılaşma azarkeşsiz keçiriləcək.
Səbuhi Musayev