Yeni reallığın memarları



 

Milli Məclisin deputatı Ülvi Quliyev Oxu.Az-a müsahibə verib:

- Prezident İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında Türkiyənin media sektoru daha geniş tərkibdə təmsil olunurdu. Türkiyəli həmkarlarımın suallarından hiss edilirdi ki, ölkələrimiz arasındakı münasibətlərə onlar da bizim qədər həssasdırlar. Prezidentimizin cavablarından, qardaş ölkə jurnalistlərinə ayırdığı xüsusi diqqətdən görünürdü ki, münasibətlərimizdə bir əlahiddəlik hökm sürür. Məncə, əlaqələrimiz heç vaxt indiki səviyyədə olmayıb, elə deyilmi?

- Müşahidələrinizlə razıyam. Prezidentin Türkiyə-Azərbaycan münasibətlərinə xüsusi önəm verməsi, qarşılıqlı həssas yanaşma təbiidir. O dərəcədə təbiidir ki, söhbət qardaş Türkiyədən getdikdə, “onlar və bizlər” kəlməsi hər iki toplumda bəzən haqlı olaraq emosional qıcıq yaradır. 

Əlaqələrimiz tarixən başqaları ilə olan münasibətlərdən fərqlənib. Məlum olduğu kimi, ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də qardaş Türkiyə olub. Toplumlarımız arasındakı doğmalıq kənardakıların diqqətini hər zaman çəkib, rəsmi münasibətlər də isti olub. Lakin Vətən müharibəsi günlərində Türkiyədən gördüyümüz möhtəşəm mənəvi-siyasi dəstəyi heç vaxt, o cümlədən Birinci Qarabağ savaşında da müşahidə etməmişdik. Mənəvi dəstək hər zaman olub, amma indiki səviyyədə olmayıb. Bu, təkcə ona görə deyil ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə indi daha güclüdür, qərarlarında daha müstəqildir. 

Sözsüz ki, bu da var. Lakin, mübaliğəsiz, dövlətlərarası münasibətlərin bugünkü strateji səviyyəyə yüksəlməsində Azərbaycan və Türkiyə prezidentlərinin müstəsna xidmətləri, şəxsi əlaqələrinin və qarşılıqlı etimadlarının əhəmiyyəti danılmazdır. O da artıq tarixə yazılmış bir həqiqətdir ki, müharibədə əldə etdiyimiz qələbədə Türkiyə Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəklə, rəsmi şəxslərinin səsləndirdiyi bəyanatlarla qardaşlıq payına sahibdir. Elə buna görə də Prezident İlham Əliyev mətbuat konfransında bu məsələlərə, münasibətlərimizin əlahiddə səviyyəsinə xüsusi diqqət çəkdi.

- Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi artıq Ağdamda fəaliyyətə başlayıb. Radikal müxalifətin nümayəndələri tez-tez iddia qaldırırlar ki, mərkəzdə təmsil olunan Türkiyə hərbçilərinin sayı azdır, sanki, oranın önəminin azaldılmasına cəhd edirlər?

- Elə həmin şəxslər bir müddət əvvəl onu da iddia edirdilər ki, Türkiyənin iştirakı ilə Monitorinq Mərkəzi ümumiyyətlə olmayacaq. Deyirdilər ki, 10 noyabr üçtərəfli bəyanatında bununla bağlı müddəa nəzərdə tutulmayıb. Mərkəz açılanadək, cəmiyyətimizin bu məsələyə həssas yanaşdığını bildikləri üçün, az qala hər gün əks-təbliğat aparırdılar ki, hakimiyyət xalqa düzünü söyləmir və guya Türkiyə masada yoxdur. Halbuki, 10 noyabr Bəyanatının videokonfrans formatında imzalanma mərasimi canlı yayımlanmışdı. Hər kəs, o cümlədən, dediyiniz şəxslər də şahidi olmuşdular ki, Prezident İlham Əliyev Monitorinq Mərkəzində Türkiyənin mütləq iştirak edəcəyini razılaşdırdıqlarını Rusiyanın dövlət başçısına bildirərkən bunu məqsədli şəkildə ictimailəşdirir. Say məsələsi ilə bağlı deyilənlər bu tarixi hadisənin mahiyyətinə bilərəkdən, yaxud bilməyərəkdən səthi yanaşmadan və ya məqsədli şəkildə təhrifetmə cəhdindən irəli gəlir. Tarixi reallıq budur ki, qardaş Türkiyənin hərbçiləri artıq rəsmən Qarabağda, Azərbaycanda, nəhayət Cənubi Qafqazdadırlar. Özü də hüquqi əsaslarla, dövlətlərarası razılaşma ilə...

Prezident İlham Əliyevin mətbuat konfransında xüsusi olaraq vurğuladığı kimi, Azərbaycan, Türkiyə və Rusiya bu məsələni öz aralarında razılaşdırıb konsensusa gəliblər, Ermənistan isə məğlub tərəf kimi reallığı qəbul etmək məcburiyyətində qalıb. Monitorinq Mərkəzinin fəaliyyətində önəmli olan say məsələsi deyil, Türkiyənin hərbi iştirakının siyasi təsdiqi və icra mexanizminin işə salınmasıdır. Elə bu səbəbdən, Prezident mətbuat konfransında diqqəti ona çəkdi ki, Türkiyənin Monitorinq Mərkəzində iştirakı bölgədə sabitliyin qorunmasına, qalıcı sülhün əldə olunmasına xidmət edir. Pilotsuz uçuş aparatları isə post-müharibə dövründə səmərəli nəzarətə imkan verir.

- Ülvi müəllim, necə düşünürsünüz, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının indiki səviyyəsi Ermənistanda revanşa meyilli olan qüvvələrin və onları kənardan qızışdıranların mümkün avantüralarının qarşısını almağa imkan verirmi?

- Dünyada ciddi geosiyasi proseslər baş verməkdədir. NATO-nun aparıcı dövlətləri ilə Rusiya və İranın münasibətləri daha dərin qarşıdurma müstəvisinə keçə bilər. Buna baxmayaraq, NATO-nun üzvü olan qardaş Türkiyənin hərbçiləri Azərbaycan üzərindən artıq regiondadırlar. Bölgəmizin böyük güclərin qarşıdurma məkanına çevrilməsi nə Azərbaycanın, nə Türkiyənin, nə Rusiyanın, nə də İranın marağındadır. Tərəflərin maraqlarının uzlaşdırılması, qarşıdurmanın dərinləşməməsi üçün NATO-da tərəfdaş olan Türkiyənin real təsir imkanları var, ən əsası, fərqli maraqları olan siyasi oyunçular qarşısında etimada sahibdir. Prezident İlham Əliyevin mətbuat konfransında qeyd etdiyi kimi, Türkiyə Müdafiə Nazirliyinin 100-dən çox mütəxəssisi ölkəmizə ezam olunub. Minatəmizləmə və digər sahələrlə bağlı... Türkiyə-Azərbaycan birgə hərbi təlimləri uzun illərdir ki, müntəzəm şəkildə keçirilir. Ötən il pandemiya ilə bağlı onların sayı nisbətən azalsa da ,2019-cu ildə 10-dan çox təlim keçirilmişdi. Bu il isə, ilk belə təlim Qars şəhərində artıq baş tutub. Hərbi əməkdaşlıq sahəsində qarşılıqlı yardımı nəzərdə tutan müqavilələr çoxdan imzalanıb və hüquqi prosedurlardan keçirilib. Mətbuat konfransında cənab Prezident açıq şəkildə onu da bəyan etdi ki, Türkiyədə istehsal olunan ən müasir silah növlərinin ölkəmizə gətirilməsi üçün razılıq əldə olunub, yeni müqavilələr imzalanıb. Bir sözlə, hazırkı hərbi əməkdaşlıq formatı iki qardaş ölkənin təhlükəsizliyinə təminat verir, formatın daha da dərinləşməsi üçün hüquqi mexanizmlər mövcuddur. Onunla da hesablaşmalıyıq ki, hərbi sahə ilə bağlı məsələlərin ictimailəşdirilməsində rəsmi açıqlamalardan kənara çıxmaq yanlışdır, təhlükəsizlik anlayışına ziddir, bədxahlarımız üçün isə informasiya mənbəyidir.

Müharibə günlərində Türkiyənin Müdafiə, Xarici İşlər nazirlərinin və digər yüksək vəzifəli rəsmilərinin Azərbaycana birmənalı dəstək bəyanatları heç vaxt unudulmayacaq tarixi faktlardır. Həmin günlərdə qardaş ölkənin F-16-ları da ölkəmizdə idi. Onlar səmaya qalxmadılar, yerdə qaldılar. Amma bütün bunlar, Prezident İlham Əliyevin vurğuladığı kimi,  dünyaya bir siqnal oldu ki, kənarda durun, müdaxilə etməyin.

- Prezident mətbuat konfransında bildirdi ki, Türkiyənin şirkətləri Qarabağda yenidənqurma işlərində fəal iştirak edəcəklər. Bu cür həssas yanaşma məlum ünvanların qıcığını artırmazmı?

- Azərbaycan müstəqil dövlətdir. Prezident İlham Əliyevin siyasi iradəsi, münasibətlərdə etibarlılıq səviyyəsi və sözünə dürüstlüyü qıcığı olanlara da, olmayanlara da məlumdur. Etibarlılığa və dürüstlüyə əmin olduqda isə, hətta ən qıcıqlı böyük oyunçular belə siyasi iradəyə və qətiyyətə hörmətlə yanaşırlar, bu faktla hesablaşırlar. Dövlətimizin başçısı mətbuat konfransında vurğuladı ki, Türkiyə şirkətləri ölkəmizdə dəyəri 10 milyard dollardan çox olan layihələrdə, müxtəlif inşaat işlərində iştirak ediblər. Qarabağın yenidən qurulması ilə bağlı ilk kontraktlar da məhz Türkiyə şirkətləri ilə imzalanıb. Bütün bunlar, sözsüz ki, Prezident İlham Əliyevin siyasi iradəsindən, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə yüksək dəyər verməsindən və haqqa ədalətli yanaşmasından irəli gəlir.

Türkiyəli jurnalistin Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlı sualına Prezidentin verdiyi cavab təkcə Ermənistana və onun himayədarlarına deyil, bütövlükdə dünya birliyinə göndərilən ismarıc demək idi:

“Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu, bizim də xeyrimizədir”.

Əminəm ki, bu ismarıc region ölkələrinin və dünya dövlətlərinin diqqətindən yayınmayıb. Ona da şübhə etmirəm ki, eyni sual cənab Ərdoğana verilsəydi, o da deyərdi ki, Azərbaycanın xeyrinə olan hər bir məsələ Türkiyənin də xeyrinədir. Bu həqiqət, bu reallıq Prezidentimizə daha yaxşı məlumdur. Çünki yeni reallığın memarı onun özü və qardaş Türkiyənin Prezidentidir.