İlham Əliyev: “Bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü”
“Müdafiə sənayesinə gəldikdə, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə böyük üstünlük təmin etmişdir”.
Bu sözləri Prezident İlham Əliyev ötən gün keçirdiyi mətbuat konfransında deyib:
“Müharibədən sonra da bu təmaslar davam edir. Onu bildirməliyəm ki, yeni kontraktlar imzalanıb. Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri də müntəzəm olaraq keçirilir. Keçən il pandemiyaya görə az keçirildi, amma 2019-cu ildə 10 dəfədən çox keçirilmişdir və bu il artıq Qars şəhərində keçirilmişdir. Bu sahədə də işlər aparılacaq”.
“Biz azad edilmiş torpaqlarda bir çox sahələrdə Türkiyə şirkətlərini görmək istəyirik. Əminəm ki, görəcəyik, inşaat, yenidənqurma, infrastruktur və tarixi abidələrimizin bərpası işlərində. Ona görə görüləcək işlər çox olacaq. Bundan sonra da, inşallah, bərabər gedəcəyik”, - deyə İlham Əliyev qeyd edib.