Dimitri Savelyev: “Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdırlar” – ŞƏRH



 

“Xocalıdakı qətliamı törədənlər beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdırlar”.

Bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Media.Az-a müsahibəsində deyib.

“Mənim üçün Xocalının mülki əhalisinin - qocaların, qadınların, uşaqların qətlə yetirilməsi - ötən əsrin Xatın və Xirosima kimi dəhşətli faciələri ilə eyni səviyyədədir. Buna görə də əminəm ki, Xocalı soyqırımının xatirəsi dözümsüzlüyün və nifrətin nəticəsində hər kəsin evinə soxula biləcək müharibəyə çevrilməsi xəbərdarlığı kimi beynəlxalq səviyyədə qorunmalıdır. Və buna görə də Azərbaycanın multikulturalizm prinsipləri üzərində qurulan siyasəti, bunun dünya xalqlarının sülh şəraitində yaşaması üçün effektiv strategiya kimi yayılması səyləri olduqca dəyərlidir”, - deyə rusiyalı deputat qeyd edib.

“Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq informasiya kampaniyası çərçivəsində gördüyü işləri qeyd etmək istərdim, hansı ki, bunun sayəsində dünyanın bir çox ölkəsi Xocalıdakı hadisələri rəsmi olaraq soyqırım kimi tanıdı. Dünya ictimaiyyəti üçün növbəti məntiqi addım 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən “xüsusi qəddarlıqla törədilən, müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər” kimi qiymətləndirilən Xocalı faciəsində günahkar olanlara ədalətli cəzanın verilməsi olmalıdır.

İndi çoxu hələ də yüksək vəzifələrdə olan bu soyqırımın bütün təşkilatçıları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər, necə ki Böyük Vətən Müharibəsi bitdikdən sonra nasistlərə qarşı belə məhkəmə keçirilmişdir”, - deyə Dmitri Savelyev bildirib.

Həmsöhbətimizin sözlərinə görə, indi Azərbaycan xalqının qarşısında azad olunmuş bölgədə normal həyatı bərpa etməklə bağlı qlobal məsələ durur.

“Əminəm ki, Prezident İlham Heydər oğlu Əliyevin müdrik rəhbərliyi altında istedadlı və çalışqan azərbaycanlılar bu mürəkkəb işin öhdəsindən uğurla gələcəklər. Xocalı isə soyqırım qurbanların canlı xatirəsi olacaq memorial-şəhərə çevriləcək,”, - deyə Dmitri Savelyev vurğulayıb.