İlham Əliyevdən mesaj: “Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz”
“Qarabağda rəsmi dil məsələsi bir manipulyasiya növüdür. Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında Qarabağda rus dilinin rəsmi dil elan olunması iddiaları ilə bağlı suala cavab verərkən deyib.
Prezident ironiya ilə qeyd edib ki, Qarabağdakı qeyri-qanuni şəxslər suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər.
“Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil, hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, bu, cinayətkar xunta rejiminin son nəfəsidir, cəhdidir ki, guya onlar dövlətdirlər”, - deyən Prezident vurğulayıb ki, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir.
İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan heç bir dilə qarşı məhdudiyyət qoymur:
“Bu gün Sovet dövründən fərqli olaraq Azərbaycanda rus dilində daha çox qəzet var. Rus dilində internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməli məktəblərimiz var, Ermənistanda isə bu rəqəm sıfırdır”.