“Qarabağ”dan çətin qələbə, “Neftçi” üç xallıq üstünlüyü əldən verdi - VİDEO



 

Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutub.

Üç görüş Bakıda, biri isə Qəbələdə oynanılıb.

Bütün matçlardan öncə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad olunub.

Günün ilk və əyalətdə keçirilən yeganə oyununda meydan sahibləri “Sumqayıt”a qalib gəliblər. Ceyms Adeniyinin qolu “Qəbələ”yə 3 xal qazandırıb. Bu qələbə ilə Elmar Baxşıyevin komandası turnir cədvəlindəki qonşusu “Sumqayıt” ilə xal fərqini 2-yə endirib.

Autsayderlərin duelində də turnir cədvəlindəki qonşular görüşüb. “Sabah”la “Keşlə” hərəyə bir qol və bir xala qane olublar.

Çempionatın lideri “Neftçi” “Qarabağ”dan üç xal öndə girdiyi “Zirə” ilə oyundan məğlubiyyətlə ayrılıb. Cari mövsüm ölkə çempionatı və kubokda 5-ci dəfə rəqibinin qapısına qol vura bilməyən “ağ-qaralar” səfərdən 0:1 hesablı məğlubiyyətlə dönüb, üç xallıq üstünlüyü əldən versə də, şəxsi oyunlara görə hələlik ilk pillədəki mövqeyini qoruyub.

Son çempion “Qarabağ” isə “Səbail”i qonaq edib. Xal itirən “Neftçi”yə çatmaq üçün qalib gəlməli olan Qurban Qurbanovun yetirmələri yalnız ikinci hissədə qonaqların müqavimətini qıra biliblər.

Qeyd edək ki, növbəti turun oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVII tur
25 fevral (cümə axşamı)

“Qəbələ” – “Sumqayıt” - 1:0

Qol: Ceyms Adeniyi, 50

“Zirə” – “Neftçi” - 1:0

Qol: Davit Volkov, 67

“Sabah” – “Keşlə” - 1:1

Qollar: Fofana Tiemoko, 90+1 - Şəhriyar Əliyev, 79

“Qarabağ” – “Səbail” - 1:0

Qol: Xayme Romero, 72

Zaur Xudiyev