Xocalıda soyqırımı dünya miqyasında tanınmalıdır



 

“Genosid” termini beynəlxalq hüquqda “qəsdən və sistemli şəkildə dövlətin milli, irqi, dini, siyasi və etnik qrupunun tam və hissəvi şəkildə məhv edilməsi” kimi tanınır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının soyqırım cinayətinə öz tərifi var. Belə ki, bu, qətl anlayışı ilə yanaşı, insanların yaşamaq hüququnun inkar edilməsi kimi də xarakterizə edilir. Bunlar isə öz növbəsində soyqırımın “əhalinin qəsdən məhv edilməsi cəhdi” olduğunu bir daha sübut edir və genosidi “kütləvi qırğın” anlayışından tamamilə ayırır. 

İkinci Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilib. Almanların yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilib. Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam edib və Azərbaycanın tarixində də qanlı yaraya çevrilib.

Azərbaycan xalqı 1992-ci ilin fevralında erməni cəlladlarının Xocalıda törətdiyi soyqıma məruz qaldı: ölən uşaqların, təcavüzə məruz qalan qadınların, yaşlı insanların kəsilmiş cəsədlərinin, yerə səpələnmiş donmuş meyitlərinin görüntülərinə dəhşətə gətirirdi. 613 dinc sakin, o cümlədən 200-dən çox qadın, 83 uşaq, 70 qoca amansızcasına qətlə yetirildi, 150 nəfər itkin düşdü, 487 sakin yaralandı və 1270 mülki şəxs girov götürüldü. Soyqırım aktı nəticəsində Xocalı şəhəri tamamilə məhv edildi.  

Ermənistan hökuməti tərəfindən düşünülmüş terror siyasətinin bir hissəsi olan Xocalı hadisəsi mülki insanları öldürmək və qorxutmaq yolu ilə onları bölgədən qaçırmaq cəhdi idi. 

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün əməli səy göstərmişdir. 

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymətin verilməsi bu gün Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olaraq müəyyənləşdirilib və bu istiqamətdə davamlı olaraq addımlar atılmaqdadır. 

Həyata keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində bu qırğının Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktı kimi tanınması üçün sərgilər, təqdimatlar kecirmiş, kitablar, müxtəlif dillərdə çap olunmuş jurnal və qəzet materialları nümayiş etdirilmiş, müxtəlif şəhərlərdə mitinqlər və konfranslar baş tutmuş, “Xocalı soyqırımı: siyasi, hüquqi və psixoloji aspektlər” mövzusunda dəyirmi masalar və sosial şəbəkələrdə onlayn kampaniyalar keçirilmişdir. Bu günə qədər onlarla ölkədə uğurla fəaliyyət göstərən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulub.

Nəticə olaraq, Xocalı qətliamı hazırda 10 ölkədə və Amerika Birləşmiş Ştatlarının 21 əyalətində qəbul edilmiş parlament aktları ilə tanınır. 

Xocalıda yaşanan dəhşət və həmin gecənin canlı şahidləri ilə müsahibələr dünyanın bir çox milli və beynəlxalq səviyyəli kitab, jurnal, qəzet və məqalələrində yer almışdır. Bunlarla yanaşı Xocalı genosidinin əsl təşkilatçısının Ermənistan hökuməti olduğunu danılmaz bir fakt olaraq dünyaya təqdim edən əsas məqam isə onların öz fikirləri ilə etiraf olunmuş kitab və müsahibələridir.     

Keçmiş erməni lideri Serj Sarqsyan 2004-cü ildə ingilis jurnalisti Tomas de Vaala verdiyi müsahibədə: “Xocalıdan əvvəl azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər; ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Biz bunun əksini sübut edə bildik…” sözləri ilə Xocalı qətliamında Ermənistan hökumətinin birbaşa iştirakı olduğunu öz sözləri ilə sübut etmişdir.         

Azərbaycan ötən 27 il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən icra olunmamış 4 əsas qətnaməni icra edərək regionda sülhü və ədaləti bərqarar etsə də, təəssüf olsun ki, Xocalı qətliamı bir çox dünya dövlətləri tərəfindən hələdə ədalətsiz bir şəkildə tanınmamış olaraq qalır. Beləliklə, Azərbaycan həmin qanlı gecənin şahidi olan insanların naminə mübarizəsini davam etdirəcək və Xocalını qətliamını soyqırım kimi dünyada tanıdacaqdır.

Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, sadəcə o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımların və qırğınların qarşısının alınmasıdır. Dünyanın bu soyqırıma qarşı laqeyd qalması, gələcək nəsillərin millətlər arasında dostluq və birliyə olan ümidlərini yox edəcəkdir.      

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı