Rusiya Azərbaycanda milli birliyi pozmağa çalışır
"5-ci kalon" hücuma keçir
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]
Rusiya Cənubi Qafqazın strateji baxımdan güclü dövləti olan Azərbaycanı yenidən öz nəzarətinə götürmək üçün əlində olan bütün vasitələrdən istifadə edir. Azərbaycan isə Rusiyanın mənfi təsirindən azad olmaq üçün qardaş Türkiyə, Pakistan dövlətlərilə hərbi-iqtisadi inteqrasiyanı və İsrail, Böyük Britaniya, İtaliya kimi bir sıra dost Qərb dövlətlərilə əlaqələrini gücləndirməyə çalışır.
Azərbaycan 44 gün davam edən və Rusiyanın müdaxiləsilə Rusiya, Azərbaycan və Ermənistan arasında atəşkəs bəyanatını imzalamağa məcbur edildiyi Vətən Müharibəsində özünə dost və düşmən olan dövlətləri bir daha müəyyən etdi.
Uzun illər Ermənistanı Azərbaycana qarşı maşa olaraq istifadə edən Rusiya, Fransa, Yunanıstan və İran bu dəfə Ermənistanın ölkəmizə qarşı ardıcıl təxribatlarından sonra başlayan müharibədə ölkəmizə qarşı həyata keçirmək arzusunda olduqları çirkin məqsədi gerçəkləşdirə bilmədilər. Adı çəkilən dövlətlərin, xüsusən Rusiya və İranın ABŞ və Qərb tərəfindən ciddi sanksiyalara məruz qaldığı halda, Azərbaycanın Türkiyə vasitəsilə neft-qaz boru kəmərləri və dəmir yolu ilə Qərbə inteqrasiya etməsi bu düşmən dövlətləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə əl atmağa, boru kəmərlərinə və dəmir yoluna nəzarəti ələ keçirmək məqsədilə hərbi təxribata təhrik etdilər. Ötən ilin iyul ayında Tovuz rayonu istiqamətdə Ermənistanın Azərbaycan ərazisinə hərbi təcavüzünə cavab olaraq, Azərbaycan hərbçiləri bu təcavüzün qarşısını uğurla aldı və düşmənə sarsıdıcı zərbə vurdu.
Ermənistanı aldığı bu sarsıdıcı zərbədən sonra da sakit durmağa qoymayan Rusiya, Fransa və İran onu avqust ayında da Azərbaycana qarşı yeni hərbi təxribatlar törətməyə vadar etdilər.
Azərbaycan isə düşmənlərin məkrindən çoxdan xəbərdar idi və bu məkrin qarşısını almaq üçün qardaş Türkiyə və bir sıra dost dövlətlərdən aldığı mənəvi dəstəyin və müasir tipli hərbi silahlarla silahlanmış güclü ordumuzun köməyilə düşmənin planlarının qarşısını almağa hazırlaşırdı.
Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını alaraq, bütün cəbhə boyu hücuma keçən Şanlı Azərbaycan Ordusu qısa müddətdə düşmənin hərbi maşınını tam məhv etdi və işğal altında olan torpaqları uğurla azad edərək, düşməni diz çökdürdü. Nəticədə daim Ermənistanı bəsləyib, himayə edən Rusiya Azərbaycan Ordusunun tam üstünlüyü ilə davam edən müharibənin gedişinə zorla müdaxilə etdi, Rusiyanın təzyiqilə 10 noyabrda 3 dövlətin - Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri müharibənin dayanması barədə atəşkəs bəyanatı imzaladılar.
Atəşkəs bəyanatının müddəalarına uyğun olaraq, Qarabağın dağlıq hissəsi, yəni Azərbaycanın 3,2 min kv. km ərazisindəki 190 yaşayış məntəqəsi ( Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran ) Rusiya hərbi birləşmələri tərəfindən işğal olundu.
Artıq 3 aydan çoxdur Rusiya işğal etdiyi Azərbaycan torpaqlarında qondarma "DQR"-in yenidən dirçəlməsi və ərazimizdə ikinci erməni dövlətinin yaranması istiqamətində, atəşkəs bəyanatına zidd olaraq, qanunsuz işlər həyata keçirir. Azərbaycan dövləti tərəfindən cinayətkar elan olunmuş, barəsində beynəlxalq axtarış verilmiş terrorçu cinayətkar Arayik Arutunyan Rusiyanın himayəsi altında qondarma respublikanın rəhbəri kimi açıq fəaliyyət göstərir, əhali məskunlaşdırır, hərbi səfərbərlik elan edib, ordu yaradır, faşist Qaragen Njdeyə heykəl qoyur, rusların iştirakı və köməyilə qondarma "DQR"-in müstəqillik gününü qeyd edir və işğal olunmuş ərazimizdə rus dilini dövlət dili elan edir...
Azərbaycan torpaqlarında Arayik Arutun qanuna zidd hərəkətlərinə Rusiyanın şərait yaratması təsdiq edir ki, bu hərəkətlər daha çox Rusiyanın torpaqlarımızı ermənilərin vasitəsilə özünə birləşdirməsi proqramına xidmət edir . Buna imkan vermək olmaz!..
Rusiyanın Azərbaycan torpaqlarına zorla girməsi ölkədə geniş və dərin şəbəkəyə malik olan "5-ci kalonun" ciddi fəallaşmasına, ölkə Prezidentinin həyata keçirdiyi islahatlara qarşı müqavimət göstərmələri aydın müşahidə olunur. Dövlət çevrilişinə cəhd barədə ölkədə dolaşan söz-söhbətlərin cəmiyyətdə yayılması da, məhz "5-ci kalon" tərəfdarlarının fəallaşmasının "bəhrəsi"dir. Onların Rusiya hakimiyyət dairələrindən aldıqları tapşırıq əsasında müharibədə qazanılmış böyük zəfərin ölkədə yaratdığı milli birliyi pozmaq istiqamətində hərəkətə keçdikləri barədə mediada gedən xəbərlər heç də təsadüfi deyil. Hazırda insanların hakimiyyətdən kütləvi narazılığı üzərində "5-ci kalon" üzvlərinin apardığı bu müdhiş kampaniya hakimiyyətə sızmış çoxsaylı xarici agentura şəbəkəsi üzvləri tərəfindən körüklənməkdədir...
Qeyd etdiyim məqamlara əsasən, belə nəticəyə gəlirəm ki, Rusiyanın işğalı altında qalan 3,2 min kv. km ərazini azad etmək üçün Azərbaycan mütləq üçüncü Qarabağ müharibəsinə məhkumdur. Rusiyanın hərbi güc üstünlüyü bu müharibənin nə zaman baş verəcəyini hələlik müəyyən etməyə imkan vermir. Lakin bu müharibənin nə vaxtsa, olacağına heç kim şübhə ilə yanaşmır.
Azərbaycan dövləti ərazisinin düşmən tərəfindən işğal olunmuş hissəsini azad etmək üçün yeganə çıxış yolu kimi, iqtisadi və hərbi qüdrətini sürətlə artırmalıdır, ölkə daxilində milli həmrəyliyi qorumalı və gücləndirməlidir, daxili idarəetmədə ölkəni təhlükələrə sürüyən rüşvətxorluğu və korrupsiyanı, məmur özbaşınalığını ləğv etməlidir! Güclü müttəfiqləri olan qardaş Türkiyə, Pakistan və digər güclü dost dövlətlərlə hərbi saziş və müqavilə imzalamalıdır.
Bu cür hazırlıq işlərinin əlamətləri ölkəmizin daxili və xarici siyasətində aydın hiss olunması sevindirici haldır. Son zamanlar Türkiyə - Azərbaycan - Pakistan iqtisadi - hərbi əlaqələrin, Türkiyə - Azərbaycan -Türkmənistan əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində hökümət və XİN rəhbərlərinin ardıcıl imzaladıqları sənədlər bu xoş niyyətin əyani təzahürüdür.